Fərhad Qəmbər oğlu Hümbətov
Azərbaycan Respublikası Milli Qəhrəmanı. 10 sentyabr 1968-ci ildə Qərbi Azərbaycanın Qarakilsə (Quqark) rayonunun Arçut kəndində doğulmuşdur. 1983-cü ildə burada orta məktəbin səkkizinci sinfini bitirmiş və Komanlı (Spitak) rayonundakı texnıki-peşə məktəbində sürücü-mexanik peşəsinə yiyələnmişdir. 1986-cı ildə ordu sıralarına çağırılmışdır. Hərbi xidməti əvvəlcə Çitada, sonra isə Monqolustan Respublikasında keçmişdir. O, 1988-ci ildə ordudan tərxis olunmuşdur. O zaman F.Hümbətovun valideynləri də digər azərbaycanlılar kimi tez-tez erməni təcavüzünə məruz qalır, təhlükə içərisində yaşayırdılar. O, bütün çətinliklərə baxmayaraq doğma kəndinə qayıdır, ailəsini Bakıya köçürür. Bakı şəhəri Məişət Xidməti İdarəsində sürürücü kimi əmək fəaliyyətinə başlayır.1990-cı il 20 Yanvar faciəsi zamanı o, təsadüf nəticəsində sağ qalmışdı. Həmin gecə ağır texnika ilə şəhərə daxil olan Sovet ordusunun qoşun hissələri qarşısına çıxan hər şeyi əzib keçirdi. Onlar heç kimə aman vermirdilər. Fərhad bir az da ləngisəydi tankın altında qalacaqdı. Bu hadisədən sonra o, Vətənin keşiyində durmağı qarşısına məqsəd qoyur və 1991-ci ilin oktyabr ayında cəbhəyə gedir. Könüllülərdən ibarət Şıx batalyonunun sıralarında döyüşə atılır, bir neçə kəndin azad olunmasında böyük şücaət göstərir.Fərhadın döyüş yolu çox çətin olmuşdur. O, 1992-ci il mart 7-də Şuşa, Kosalar, Xankəndi istiqamətlərində uğurlu döyüş yolu keçirmiş və düşmənin 5 postunu dağıtmışdır.1992-ci il martın 29-u… Son döyüş… Fərhad öz dəstəsi ilə Xocalının Kosalar kəndində əməliyyat keçirir. Qüvvələr nisbti ermənilərin xeyrinə idi. Buna baxmayaraq, düşmən xeyli canlı qüvvə itirdi. Xankəndi yaxınlığında artıq qüvvələri tükənir. Əlavə qüvvə gəlmədiyinə görə öz dəstəsi ilə geri çəkilmək məcburiyyətində qalır. O, bu döyüşdə bir neçə yaralını xilas etsə də, özü qəhrəmancasına həlak olur.Subay idi.Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Hümbətov Fərhad Qənbər oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir. Bakının Binəqədi rayonunda adına park salınmış və burada büstü qoyulmuşdur.