Mehdi Yusif oğlu Abbasov
Azərbaycan Respublikasının Milli qəhrəmanı.
1960-cı il yanvar ayının 1-də Qərbi Azərbaycanın Amasiya rayonunun Yeniyol kəndində anadan olmuşdur. 1966-cı ildə Yeniyol kənd orta məktəbinə getmiş, 1976-cı ildə oranı bitirmişdir. 1977-ci ildə Mehdinin ailəsi erməni daşnaklarının təzyiqi altında öz doğma yurdlarından köçməyə məcbur olmuşdur. Mehdi valideynləri ilə birlikdə Qazaxıstan Respublikası Tülkübas rayonunun Kulan kəndinə gəlmişdir. 1977-78-ci illərdə kənddəki Kuybışev adına sovxozda traktorçu işləmişdir. Mehdi 1980-ci ildə sənədlərini Çimkənd Pedaqoji İnstitutunun hazırlıq şöbəsinə verir. Bir il burada təhsil aldıqdan sonra isə Karaqanda Pedaqoji İnstitutuna daxil olur. O, 1985-ci ildə ibtidai-hərbi hazırlıq və bədən tərbiyəsi müəllimi ixtisasına yiyələnərək, Tülkübas rayonunun Miçurin kəndindəki Qaqarin adına məktəbdə müəllim işləməyə başlayır. O, elə həmin ildə klassik güləş üzrə idman normasını yerinə yetirərək “SSRİ idman ustası” adını alır. Az keçmir ki, Mehdi peşəsini dəyişir. O, 1989-cu ilin noyabr ayında Qazaxıstan KP Tülkübas Rayon Komitəsinin qərarı ilə daxili işlər orqanlarında işləməyə göndərilir. 1989-90-cı illərdə SSRİ DİN-nin Stavropol Ali Kurslarının müdavimi olur, sonra Enbəyşin RDİŞ-də sahə müvəkkili vəzifəsində xidmətini davam etdirir.
Azərbaycanın başı üstünü qara buludlar alanda Mehdi öz soydaşlarının harayına çatmağa tələsir. 15 ildən artıq yaşadığı, ali təhsil aldığı, adamlarına, adət-ənənələrinə uyğunlaşdığı Qazaxıstan ona qəfəs kimi görünürdü. O, Stavropolda təhsil alarkən, Yessentuki şəhərində təcrübə zamanı Azərbaycan Daxili İşlər nazirinin müavini Ramiz Məmmədovla tanış olmuşdu. Nazir müavini onun qayğıkeş, qorxmaz və Vətənə sadiq bir oğul olduğunu görərək, ona Azərbaycanda xidmət etməyi təklif etmişdi. Lakin Çimkənd vilayətindəki Enbəyşin rayon DİŞ-də Mehdinin getməsinə mane olurdular. Nəhayət, uzun yazışmalardan sonra Mehdi 1991-ci il iyun aynın 28-də Azərbaycan Respublikası DİN-nin sərəncamına göndərildi. Bir aydan sonra baş leytenant rütbəsində rota komandiri kimi DİN-nin XTMD-ndə xidmətə başladı.
O, ilk günlərdən qaynar bölgələrə getmək, döyüşlərdə fəal iştirak etmək istəyirdi. Bu fikrindən, inadından dönmürdü. Ağdam, Goranboy, Füzuli rayonlarında keçirilən döyüş əməliyyatlarında fəal iştirak edərək o, erməni silahlı birləşmələrinə sarsıdıcı zərbələr vurdu.