Vahid Həbibulla oğlu Quliyev
Quliyev Vahid Həbibulla oğlu 20 sentyabr 1955-ci ildə Cəbrayıl rayonunun Qumlaq kəndində dünyaya göz açıb. Uşaqlıq illəri Niyazqullar kəndində keçib. O, 1972-ci ildə Zəngilan rayonunda Hacallıkənd orta məktəbini bitirib.
Bir müddət Niyazqullar kəndində təsərrüfat işlərində çalışır. 1974-cü ildə ordu sıralarına çağrılır. O, hərbi xidmətini Özbəkistan Resbublikasında və Rusiyanın Obninsk şəhərində keçirir. 1976-cı ildə hərbi xidmətini başa vurub, Azərbaycan Dövlət Universitetinin fizika fakultəsinə daxil olur.
1981-ci ildə Universiteti bitirərək, təyinatla Laçın rayonunun Fərəcan kəndinə göndərilir. 3 il burada müəllimlik etdikdən sonra Bakıya qayıdır və “Azon” Cihazqayırma Zavodunda sahə rəisi vəzifəsinə işə qəbul edilir. 1992-ci ilə qədər bu zavodda çalııb və öz işinin öhdəsindən layiqincə gəlib.
O, 1992-ci ilin avqust ayında Yasamal rayon Hərbi Komissarlığına gələrək, cəbhəyə göndərilməsini xahiş edir. Arzusunu nəzərə alıb, onu bir zabit kimi döyüş xəttinə yola salırlar. Vahid Quliyev sentyabrın 7-də Ağdam istiqamətindən döyüşə girir. O, bu döyüşdə düşmənin bir tankını vurur. Beləliklə erməni yaraqlılarının hücumunun qarşısını alınır.
Vahidin yoldaşları arasında hörməti getdikcə artırdı. Onu oktyabrın 14 –də Qubadlıya göndərirlər. Burada da o, rəşadətlə vuruşur. Düşmənin bir neçə döyüş texnikasını və xeyli canlı qüvvəsini sıradan çıxarır. 28 fevral 1994-cü ildə o, yenidən Ağdam döyüş bölgəsinə dönür. Vahid Quliyev xidmətə başlayan gündən atəşkəs elan olunana qədər düşmənin on zirehli texnikasını sıradan çıxarır. Bunun səkkizi tank, ikisi isə PDM (piyada döyüş maşını) idi.
O, 1996-cı ildə BDU-nun hərbi kafedrasında müəlli, 2000-ci ilin avqust ayında 2002-ci ilin oktyabr ayına qədər Azərbaycan Hərbi Məktəbində baş müəllim kimi fəaliyyətini davam etdirir. 26 oktyabr 2002- ci ildə isə ordudan tərxis olunur. Polkovnik-leytenant Vahid Quliyev bir müddət Azərbaycan Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzində müəllim işləyib. Hazırda təqaüddədir.
Ailəlidir. İki övlad atasıdır.
Azərbaycan Resbublikası Prezidentinin 9 noyabr 1994-cü il tarixli fərmanı ilə göstərdiyi şücaətlərə görə Quliyev Vahid Həbibulla oğluna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.