Nofəl Zahid oğlu Quliyev
Azərbaycan Respublikasının Milli qəhrəmanı Nofəl Zahid oğlu Quliyev 1963-cü ilin oktyabr ayının 4-də Şirvan şəhərində (keçmiş Əli Bayramlı) dünyaya göz açmışdır. 1971-ci ildə Şirvan şəhər 9 saylı orta məktəbinin birinci sinfinə getmiş, 1981-ci ildə təhsilini başa vurmuşdur.
1982-ci ildə N.Quliyev ordu sıralarına çağırılmışdır. 1984-cü ildə əsgəri xidmətini başa vurub, bir müddət Bakı Məişət Kondisionerləri Zavodunda çalışır. Quliyev Nofəl 1984-cü ildə ailəsi ilə birlikdə Tümen şəhərinə köçür, burada işləyə-işləyə tikinti texnikumuna daxil olur. Altı il burada yaşadıqdan sonra doğma yurda dönür. Nofəl Quliyev iş üçün Respublika Daxili İşlər Nazirliyinə müraciət edir. Bakıya daimi pasport qeydiyyatı olmadığı üçün onu işə qəbul etmirlər. O, Bakıdakı tikinti idarələrindən birinə işə düzəlir. Bir müddətdən sonra yenidən DİN-nə müraciət edir. Çox çətinliklərdən sonra onu sıravi polis nəfəri kimi işə qəbul edirlər. Nofəl tez-tez döyüş bölgələrində ezamiyyətdə olurdu. Bu səfərlər adətən 10-15 gün çəkirdi.
1991-ci ilin soyuq dekabr ayında Goranboyun Todan kəndi erməni yaraqlılarının güclü hücumuna məruz qalmışdı. N.Quliyev yenə dostları ilə birlikdə silaha sarılaraq döyüşə yollandı. Qüvvələr nisbəti düşmən xeyli üstün idi. Buna baxmayaraq, cəsur döyüşçülərimiz kəndin bir qarış torpağının belə düşmən əlində qalmasına imkan vermək istəmirdilər. Ermənilər xeyli canlı qüvvə itirmişdilər və artıq geri çəkilirdilər. Nofəl yaxınlıqdakı yüksəklikdə özünə mövqe seçməklə ermənilərin yolunu kəsmişdi. Cəsur döyüşçü N.Quliyev son damla qanına qədər vuruşub çoxlu erməni faşistini məhv etdi və özü də qəhrəmancasına şəhid oldu.
Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı Fərmanı ilə Quliyev Nofəl Zahid oğluna (ölümündən sonra) “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Ailəli idi. Bir övladı yadigar qalıb.
N.Quliyev Şirvan şəhərində, Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Şirvan şəhər 9 saylı orta məktəb Qəhrəmanın adını daşıyır.