Səfəralı Qurban oğlu Məmmədov


Azərbaycan Respublikası Milli qəhrəmanı 1963-cü il oktyabrın 16-a Masallı rayonunun Sərçuvar kəndində anadan olmuşdu. 1981-ci ildə doğma kəndlərində orta məktəbi bitirmişdi. Həmin il hərbixidmətə çağırılmışdı. Minsk şəhərində xidmətini başa çatdırdıqdan sonra ordudan tərxis olunaraq, Krasnodar şəhərinə getmişdi. Burada müəssisədənkənar mühafizə şöbəsində milis nəfəri kimi fəaliyyətə başlamışdı. 1988-ci ildə xidməti nəzərə alınaraq Bakı Xüsusi Orta Milis Məktəbinin qiyabi şöbəsində təhsil almağagöndərilmişdi. 1990-cı ildə məktəbi bitirərək öz istəyi ilə Ağdam rayon DİŞ-də post-patrul xidmətində vzvod komandiri təyin olunmuşdu. Elə ilk günlərdən döyüşmeydanında fəallıq göstərən Səfəralı Fərruxda, Ağbulaq fermasında, Qarakənd kəndində xeyli erməni girov götürmüşdü.

S.Məmmədov 1992-ci il fevralın 16-a Xocavənd rayonunun Qaradağlı kəndində gedən döyüşdə düşmənə sarsıdıcı zərbələr endirərkən qəlpələrdən biri  kəmərindəki qumbaraya dəyərək, onun həyatına son qoyub. Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 nömrəli Fərmanı ilə Məmmədov Səfəralı Qurban oğlu ölümündən sonra AzərbaycanınMilli Qəhrəmanı adına layiq görülüb.

Masallı rayonunun Sərçuvar kəndində dəfn olunub. Masallı şəhərindəki küçələrdən biri və vaxtilə təhsil aldığı Sərçuvar kənd orta məktəbi onun adını daşıyır.