Sərxan Surxay oğlu Ocaqverdiyev
Azərbaycanın Milli qəhrəmanı Ocaqverdiyev Sərxan Surxay oğlu 16 iyul 1967-ci ildə Goranboy rayonunun Səfikürd kəndində dünyaya göz açıb. 1985-ci ildə Tatarlı kənd orta məktəbini bitirdikdən sonra Xabarovsk şəhərində hərbi xidmətdə olur. 1988-ci ildə hərbi xidmət borcunu yerinə yetirib Vətənə dönmüş və Gəncə Maşınqayırma Texnikumuna daxil olur. 1991-ci ildə təhsilini uğurla başa vurub, Gəncə Maşınqyırma Zavodunda əmək fəaliyyətinə başlayır.
10 yanvar 1992-ci ildə Goranboy özünümüdafiə batalyonuna üzv yazılır, Şəfəq, Zeyvə, Tap Qaraqoyunlu kəndlərinin müdafiəsi zamanı qanlı döyüşlərdə iştirak edir. Sərxan Ocaqverdiyev az müddətdə düşmənin xeyli canlı qüvvəsini məhv edərək, əsl Azərbaycan əsgəri kimi yüksək döyüş nümunəsi göstərir.
Goranboyun Talış kəndi ermənilərə ərazicə ən yaxın kənd hesab olunurdu. Onlar bu kənddə aramsız hücumlar edirdilər. Lakin Goranboyun mərd oğulları sinələrini düşmənin qarşısında sipərə çevirirlər.
5 may 1992-ci il… Erməni faşistləri növbəti dəfə Talış kəndinə hücuma keçir. Qeyri-bərabər döyüş gedirdi. Vətənin qeyrətli oğlu Sərxan Ocaqverdiyev bu qanlı döyüşdə qəhrəmancasına həlak oldu.
Subay idi.
Azərbaycan Resbublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Ocaqverdiyev Sərxan Surxay oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Səfikürd kəndində dəfn edilmişdir.
Təhsil aldığı Tatarlı kənd orta məktəbi onun adını daşıyır.
Goranboy rayonunda büstü qoyulmuşdur.