Şahlar İsa oğlu Hüseynov
Azərbaycan Respublikası Milli qəhrəmanı. 26 noyabr 1968-ci ildə Qərbi Azərbaycanın Razdan rayonunun Hankavan kəndində anadan olmuşdur. 1985-ci ildə doğma kəndlərində orta təhsilini rus dilində başa vurmuş və peşə məktəbinə daxil olaraq, sürücülük ixtisasına yiyələnmişdir. O, 1986-88-ci illərdə keçmiş Sovet Ordusunda hərbi xidmətdə olmuşdur. Hərbi xidmətini Moskva şəhərində keçmişdir.
Qərbi Azərbaycanda yaşayan başqa soydaşlarımız kimi Şahların ailəsi də 1988-ci ildə erməni təcavüzü nəticəsində öz dədə-baba yurdlarından zorla qovularaq Azərbaycana pənah gətirmişdir. Ailə bir müddət evsiz-eşiksiz qaldıqdan sonra, nəhayət, Gəncə şəhərində məskunlaşmışdır. Şahlar Hüseynov ordudan tərxis olunaraq Gəncəyə – ailələrinin yanına gəlmişdir. 1990-cı ildə sənədlərini Gəncə şəhər 27 saylı texniki-peşə məktəbinə vermişdir. 1991-ci ildə Gəncə Alüminium oksidi İstehsalat Birliyində çilingər işləməyə başlayır. Ş.Hüseynov 1992-ci ilin fevralında erməni quldurlarının Xocalıda törətdikləri faciəyə dözə bilməyib, könüllü olaraq Gəncə batalyonuna daxil olur. Şahlar sıravi döyüşçü kimi bir çox əməliyyatlarda fəal iştirak edir, düşmənin yerinin öyrənilməsində və məhv edilməsində müstəsna fəaliyyət göstərir. O, erməni dilini təmiz bildiyi üçün kəşfiyyata həmişə öndə gedir, təhlükəli anlarında yoldaşlarını xilas edirdi. Düşmənin növbəti hücumu 10 aprel 1992-ci ildə Marquşevan kəndinə olur. Erməni quldurlarının hərbi texnikası və canlı qüvvəsi sayca üstün idi. Buna baxmayaraq, onlar kəndi tuta bilmədilər, xeyli itki verib, geri çəkilməyə məcbur oldular. Bu döyüşdə Şahlar Hüseynov böyük şücaət göstərərək qəhrəmancasına həlak oldu.
Subay idi.
Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Şahlar İsa oğlu Hüseynova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.
Gəncə şəhərində adına küçə var.