Aslan Qabil oğlu Atakişiyev
Azərbaycan Respublikasının Milli qəhrəmanı 1953-cü il avqustun 16-da Muradxanlı kəndində anadan olmuşdu. 1970-ci ildə doğma kənddəki orta məktəbi bitirmişdi. İki il sovet ordusu sıralarında xidmət etmiş, iki ilə yaxın istehsalatda çalışdıqdan sonra 1976-cı ildə Azərbayçan Dövlət Universitetinin hazırlıq şöbəsində təhsil almış, 1977-ci ildə universitetin biologiya fakültəsinə qəbul olunmuşdu. 1981-ci ildə ali məktəbi bitirib doğma Muradxanlı Orta Məktəbində müəllimlik etmişdi.
Qarabağ hadisələri başlanan gündən gənclərimizi əfsanəvi qəhrəman Əliyar Əliyevin çağırışına səs verməyə çağırmışdı. Aslan şəxsi nümunə göstərərək könüllü surətdə özünümüdafiə dəstəsinə yazılmış və silaha sarılaraq torpaqlarımızın müdafiəsinə qalxmışdı. O, rayonun sərhəd kəndlərinin qorunmasında fəal iştirak etmişdi. 1992-ci il yanvarın 5-də milli ordu sıralarına qəbul olunmuşdu. Tabor komandirinin müavini kimi işğal olunmuş Laçın torpaqlarının azad olunması uğrunda gedən döyüşlərinA təşkilatçılarından biri odmuşdu. Laçının Səfiyan, Mazutlu, Türklər, Yuxarı və Aşağı Fərəcan, Suarası və başqa kəndlərində gedən qanlı döyüşlərdə fədakarlıq nümunəsi göstərmiş, düşmənin xeyli hərbi texnikası və canlı qüvvəsini məhv etmişdi.
Son döyüşü 1992-ci il avqustun 7-də Susuzdağ yüksəkliyində olmuşdur… Aslan bütün döyüşlərdə olduğu kimi, həmin döyuşdə də əsgərlərimizi düşmənə qarşı amansız olmağa ruhlandırmışdı. Həmişə deyərdi ki, döyüşə şir kimi atılın. Aslan meydanında tülkü dayana bilməz. Özü şəxsi nümunələr göstərərək igidliklə vuruşmuşdu. Aslan şiddətli döyüşlərin birində qəhrəmanlıqla həlak olmuşdur.
Məzarı Bakıda “Şəhidlər xiyabanındadır. Ailəli idi. Qızları Bəyaz, Günay və oğlu Elvin anaları Məfkurə bacının himayəsində böyüyür, ataları ilə fəxr edirlər. Amma atasızlığın qəm izləri bu uşaqların baxışlarından silinmir.
Aslan Qabil oğlu Atakişiyev Azərbaycanın Milli Qəhrəmanıdır.