Hikmət Baba oğlu Nəzərli
Azərbaycan Respublikası Milli qəhrəmanı. Nəzərli Hikmət Baba oğlu 7 mart 1966-cı ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1973-ci ildə Bakının Xətai rayonundakı 27 saylı orta məktəbə gedib, beşinci sinifə qədər burada təhsil alıb. Atasının iş yerinin dəyişməsi ilə əlaqədar Hikmət də ailələri ilə Daşkəndə gedir və orta təhsilini orada tamamlayır. O, 1982-ci ildə anası və bacıları ilə birlikdə yenidən Bakıya qayıdır.
1984-cü ildə hərbi xidmətə çağrılır və Gürcüstan Resbublikasının Duşefi şəhərindəki kəşfiyyat məktəbinə göndərilir. 1986-cı ildə ordudan tərxis olunur.
Nəzərli Hikmət Baba oğlu Resbublika Daxili İşlər Nazirliyinin Yanğından Mühafizə İdarəsində işə düzəlir və eyni zamanda Azərbaycan Politexnik İnistitutuna qəbul olunur. Hikmət bir vətənpərvər oğlu kimi erməni təcavüzünə, soydaşlarımızın öz doğma yurd-yuvalarından qovulmasına biganə qala bilməzdi.
Nəzərli Hikmət Baba oğlu Şıx qəsəbəsində könüllülərdən təşkil olunmuş müdafiə batalyonuna üzv yazılır. 1991-ci ilin dekabrında xidmət etdiyi batalyonun təkibində Ağdam istiqamətindəki cəbhəyə yola düşür. Həmin gündən vətənin müdafiəsi uğrunda xidmətlərə başlayır. Umudlu, Xocalı yolu isə onun döyüş meydanına çevrilir. Umudlu kəndinin sakinləri təhlükəsiz yerə aparılarkən xəstələnir və bir müddət müalicə olunduqdan sonra yenidən döyüş yoldaşlarının yanına qayıdır.
Həmin günlər Xocalıda tarixdə misli görünməmiş faciə törədilir. Hikmət idarə etdiyi maşınla düşmən qarşısında maneə yaradaraq uşaqların, qadınların təhlükəsiz yerə aparılmasında böyük şücaət göstərir. Son məqamda bir neçə döyüş yoldaşı ilə meşəyə çəkilir. Sonrakı taleyi barə də heç bir məlumat yoxdur, və beləcə o, itkin düşür. Vətənimizin bütövlüyü və dövlətimizin toxunulmazlığı uğrunda qəhrəmancasına vuruşmuş bütün vətən övladlarının qarşısında baş əyirik- Nəzərli Hikmət Baba oğlu kimi. Vətən onları unutmayacaq . Onlar bizim qəlbimizdə həmişə hər an yaşayacaq.
Ailəli idi. Bir övladı yadigar qalıb.
Azərbaycan Resbublikası Prezidentinin 9 sentyabr 1992-ci il tarixli 178 saylı fərmanı ilə Nəzərli Hikmət Baba oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.