Yelmar Şahmar oğlu Edilov
Azərbaycanın Milli qəhrəmanı 10 aprel 1946-cı ildə Ağdam rayonunun Əlimədədli kəndində dünyaya göz açmışdır. 1954-64-cü illərdə Əlimədədli kənd orta məktəbində təhsil almış, sonra Ağdam Kənd Təsərrüfatı Texnikumuna daxil olmuşdur. O, 1964-cü ildə Minsk şəhərində hərbi xidmətə başlayır. Yelmar yaxşı idmançı idi. Sambo ilə məşğul olurdu. Baş vermiş bir hadisə onu ordudan geri dönməyə məcbur etdi. Qarnizon birinciliyi uğrunda sambo yarışları zamanı boyun sümüyü zədələnmişdi. O, hərbi xidmətdən ikinci qrup əlil kimi tərxis olundu və texnikumda yarımçıq qalmış təhsilini davam etdirməyə başladı. 1970-ci ildə təhsilini başa vurdu. M.F.Axundov adına üzümçülük kolxozunda işə düzəldi.1988-ci il… Ermənilərin Azərbaycana ərazi iddiaları başlayan vaxtdan Yelmar Edilov namuslu bir Vətən övladı kimi dincliyini itirmişdi. O, könüllü müdafiə batalyonlarının yaradılmasını təkid edirdi. Yalnız 1990-cı il hadisələrindən sonra bu yöndə müəyyən işlər görülməyə başladı.1991-ci il… Kolanı obasının bir sıra kəndləri- Əlimədətli, Əliağalı, Mollalar, Qalayçılar erməni silahlı birləşmələrinin mövqe tutduğu – Sırxavənd, Qazançı, Kiçan və Fərrux kəndləri istiqamətindən gecə-gündüz atəşə tutulurdu. Milli Ordunun olmaması səbəbindən əhali təhlükə altında qalırdı. Ümid yerli özünümüdafıə dəstələrinin yaradılmasına qalmışdı. Belə bir vaxtda Y.Edilovun səyi nəticəsində Kolanı özününümüdafiə dəstəsi yaradıldı. Bu dəstə Qazançı, Sırxavənd, Manikli kəndləri uğrunda gedən döyüşlərdə əsl rəşadət göstərirdi.1993-cü ilin iyununda Yelmar komandanlıqdan mühüm göstəriş aldı. «Şahbulaq» yüksəkliyi nəyin bahasına olursa olsun erməni yaraqlılarından təmizlənməliydi. Plana görə əvvəlcə artilleriya atəş nöqtələrini susdurmalı idi. Sonra üç istiqamətdən postlara hücum edib ərazini ələ keçirməli idilər. Yelmar deyilən vaxt öz dəstəsi ilə yüksəkliyin ətrafında mövqe tutdu. Lakin artilleriya zərbələrindən heç səs-soraq da yox idi. Səhərin açılmasına az qalırdı. Komandir dəstənin mühasirəyə düşəcəyindən ehtiyat edirdi. Düşmən duyuq duşməmiş əməliyyatıkeçirib, buranı tərk etmək lazım gəlirdi. Komandir dərhal hücum əmri verdi. Şiddətli döyüş başladı. Bu istiqamətdən mühasirəni yarıb xilas oldular. 1994-cü ilin yanvarında Yelmarın dəstəsi daha bir əməliyyat keçirməli oldu. Həmin döyüşdə düşmən xeyli canlı qüvvə itirərək geri çəkilməyə məcbur oldu.11 aprel 1994-cü il… Cəsur komandirin son döyüşü… Düşmən böyük qüvvə ilə “Çərik” kökəltmə məntəqəsinə tərəf hücuma keçdi. Y. Edilovun komandirlik etdiyi tabor ölüm-dirim savaşına girdi. Sol cinahdan hücuma keçən döyüşçülərimiz düşmənin 2 tankıın vurmağa müvəffəq oldu. Böyük itkilər verən düşmən geri çəkilməyə məcbur oldu. Gözlənilmədən Yelmarın yanında bir mərmi partladı. Beləcə onun ömrü də, arzuları da qırıldı. Cəsur komandir 48 yaşında gözlərini əbədi yumdu.Evli idi. 7 övlad atası idi – beş oğul, iki qız.Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə Edilov Yelmar Şahmar oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.Bakı şəhərində ikinci Şəhidlər Xiyabanmda dəfn edilmişdir.