Yunis Əskər oğlu Əliyev
Azərbaycanın Milli qəhrəmanı Əliyev Yunis Əsgər oğlu 9 oktyabr 1958-ci ildə Goranboy rayonunun Qızılhacılı kəndində anadan olub. 1973-cü ildə burada orta məktəbin səkkizinci sinfini bitirib, təhsilini Dəlıməmmədli şəhərindəki 102 saylı texniki-peşə məktəbində davam etdirib. Mexanizator peşəsinə yiyələnən Yunis 1976-cı ildə hərbi xidmətə çağırılır. Tacikistanda əsgəri borcunu yerinə yetirdikdən sonra bir neçə il Rusiyada yaşayır. Sonra Vətənə qayıdaraq əmək fəaliyyətini rayon mərkəzindəki kərpic zavodunda davam etdirir.
Yunis Əliyev erməni fitnəkarlarının törətdikləri vəhşiliklərə dözməyərək, 1992-ci ildə Vətənin müdafiəsinə qalxanların ön cərgəsinə qoşulur. O, Goranboy rayonunda yaradılmış ikinci batalyonun tərkibinə yazılır. İlk sınaq döyüşü Ağdərə bölgəsində olur. Bu döyüş Aşağı Ağcakəndin geri alınmasından üç gün sonra baş verir. Yunis ayağından yaralanır. Getdikcə şiddətlənən döyüş əsgərlərimizi geri çəkılməyə məcbur edir. O, bir müddət Bakıda müalıcə olunduqdan sonra yenidən cəbhəyə yollanır.
4 may 1992-ci il… Goranboy rayonunun Tap Qaraqoyunlu kəndini mühafizə edən bölük Talış kəndində yerləşən ermənilərin mövqelərini ələ keçirdi. Bu əməliyyat erməni silahlı dəstələri üçün gözlənilməz olduğundan, onlar döyüşçülərimizin hücumu qarşısında duruş gətirə bilməyib, öz mövqelərini tərk etməyə məcbur olmuşdular.
Ertəsi gün mayın 5-də ermənilərin qəfil hücumu nəticəsində döyüşçülərimiz əvvəlki mövqelərinə çəkilməli oldular. Həmin gün Yunis Əliyev erməni gülləsinə tuş gəldi. Yunisin və onun bir neçə döyüşçü dostunun cəsədi 43 gündən sonra, Talış kəndi azad edildiyi zaman tapıldı.
Ailəlidir. İki övladı var.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Əliyev Yunis Əsgər oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Yunis Əliyev 16 iyun 1992-ci ildə doğma kəndində-Qızılhacılıda dəfn edilmişdir. Qızılhacılı kənd 3 saylı uşaq bağçası onun adını daşıyır. Goranboy rayonunda büstü qoyulmuşdur.