Ənvər Talış oğlu Arazov
Ənvər Talış oğlu Arazov 2 dekabr 1953-cü ildə Gəncə şəhərində anadan olmuşdur. Gəncə Politexnik Texnikumunu bitirdikdən sonra, 1974-cü ildə Murmansk vilayətinin Severomorsk şəhər Hərbi Dəniz Donanmasında xidmət etmişdir. Xidmətdən sonra Gəncəyə qayıdaraq, “Büllur” zavodunda müxtəlif vəzifələrdə işləməyə başlayır.
1988-ci illərdə Ənvər Arazov Gəncədə Xalq Hərəkatının öncüllərindən biri olmuşdur. Bir müddət Daxili İşlər Nazirliyində işlədikdən sonra silaha sarılır və cəbhəyə yola düşür. Alay komandiri kimi bir çox yerlərdə vuruşub. Ağdərə rayonunda bir çox uğurlu əməliyyatlar aparıb. Sırxavənd, Ortakənd, Mehmanə, Drambon, Kasapet və Sərsəng su anbarı uğrunda döyüşlərdə qəhrəmanlıq göstərmişdir. 1992-ci ilin oktyabr ayında briqada komandirinin müavini təyin edilib və polkovnik rütbəsi almışdır.
1992-ci il noyabr ayının 1-dən 2-nə keçən gecə ağır döyüşlərin birində Ağdamın Sırxavənd kəndində erməni quldurları ilə qeyri bərabər döyüşdə mərdliklə həlak olur.
Ənvər Arazov ailəli idi, Azər adlı oğlu, Samirə adlı qızı var.
Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 saylı fərmanı ilə Arazov Ənvər Talış oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Gəncə şəhəri Şəhidlər xiyabanında dəfn edilib.