Şövqiyar Cəmil oğlu Abdullayev
Azərbaycanın Milli qəhrəmanı 1969-cu il aprelin 5-də Göyçə mahalının Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olmuşdu. 1986-cı ildə Nərimanlı kənd orta məktəbini “əla” qiymətlərlə bitirmiş, Azərbaycan Dövlət Politexnik İnstitutuna (indiki Azərbaycan Texniki Universiteti) daxil olmuşdu. O, birinci kursu bitirdikdən sonra ordu sıralarına çağırılır. 1989-cu ildə Monqolustanda hərbi xidmətini başa vurub Bakıya qayıdır. O zaman artıq Ermənistan-Azərbaycan münaqişəsi başlamışdı. Yüz minlərlə soydaşımız öz doğma ata-baba yurdlarından – Qarabağdan, Qərbi Azərbaycandan didərgin salınmışdı. Ş.Abdullayev Vətənimizin belə bir dar günündə 1992-ci ildə könüllü olaraq Milli orduya yazılır. Ağdamda təşkil edilmiş tank briqadasında ekipaj komandiri təyin edilir. 1992-ci il avqustun 27-də çox ağır bir döyüşdə yoldaşlarını əsir düşməkdən xilas edir, özü isə Vətən uğrunda qəhrəmanlıq göstərərək həlak olur.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı Fərmanı ilə Abdullayev Şövqiyar Cəmil oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.