Yavər Yaqub oğlu Əliyev

Əliyev Yavər Yaqub oğlu 27 iyun 1956-cı ildə Bakı şəhərində anadan olmuşdur. Pirallahı adasında 235 saylı orta məktəbi bitirdikdən sonra Kremençuq Aviasiya Məktəbinə daxil olur. Yavər Zabrat hava limanında işə düzəldiyi ilk gündən bacarığı və peşəkarlığı ilə diqqəti cəlb edir. İdarənin rəhbərliyi əvvəl onu Mİ-;, Mİ-2 vertolyotlarına pilot, sonra Mİ-8 vertolyotuna ikinci pilot və daha sonra komandir təyin edir.

1991-ci ilin axırları idi. Xocalıda körpələr göylərdə uçan şahinləri izləyirdi, cavanlar səngərlərdə gecələyirdi, mühasirə taleyi yaşayan elin gecəsi də gündüzü kimi idi: göz çimir eləyə bilmir, heç buna imkan da olmurdu. Ahıllar tanrı dərgahına əl açıb ərənlərin görən gözlərinə nur, vuran qollarna qüvvət diləyirdi. Bu zamanlar Kərkicahanda vəziyyət gərginləşmişdi. Kərkicahana yerüstü əlaqənin yolları təhlükələr içindən keçirdi. Bu dözümlü kəndə, məhrumiyyətə düçar olmuş insanlara ərzağı və silah-sursatı ancaq vertolyotlar apara bilirdi.
      Pilot qrupu Kərkicahana sarı uçuş istiqaməti götürmüşdü. Şaxta, sazaq uçuşu çətinləşdirsə də pilotlar Kərkicahan adlı bir kəndimizin taleyinə tamsınan düşmən niyyətinə bir uçuşluq soyuq, şaxta çiləməli idi. Sən demə, marığa yatmış düşmən vertolyotlarımızın uçuşunu izləyirmiş…
     Düşmənin PDM-ləri Kərkicahan kursları ilə uçan vertolyotlarımızı atəşə tutmuşdu. Hər atdığının hədəfə dəydiyini güman edən ermənilər ordusunun psixoloji durumunu yüksəltmək üçün bu atışın da «türkün ürəyinə dağ çəkdiyini» tez-tələsik bəyan eləmişdi. Mərmilərdən biri pilotumuzun idarə elədiyi vertolyotlardan birini zədələmişdi. Xəbər Bakıya da çatmışdı.
      Ermənilərin PDM-lərinin güclü atəşi altından çıxan, manevrlər edərək uzaqlaşan vertolyotlar Ağdama qayıdanda artıq Yavər orada idi, vertolyotun vurulması xəbərinin düz olmadığını görüncə sevincindən göz yaşları kirpiklərində duruş gətirə bilmədi. Mİ-24-ün zədələnmiş gövdəsinə baxıb pilotu bağrına basdı…
     Yavəri buraya təkcə vəzifə borcu gətirməmişdi, aviadəstənin hər üzvünü varlığıyla sevirdi Yavər, dostcanlı oğlan idi.
     1992-ci ilin fevral ayının 14-də qaçırılan beş vertolyotun pilotlarından biri də Yavər idi. Həmin gün göy üzündə bircə bulud da yox idi. Buludsuz göylərin içindən keçib Zabrata uçdular. Yavərin idarə etdiyi Mİ-24 də buludsuz göylərdə bir arzu ülkəri kimi parlayırdı. Və o arzu ülkərinin şəfəqləri «Ana» dediyimiz torpağa ələnirdi…
     1992-ci ilin fevral ayının 26-da məmləkətimizin heysiyyatına daş atıldı. Həmin gün sinəmizə dağ çəkildi, Xocalı soyqırımı adı ilə tarixləşdi həmin gün. Yüz-yüz illərdən sonra da xatırlananda qananın ömrünü silkələyəsi bu faciə dikəlib Umudluya doğru irəliləyirdi. Camaatı köçürmək lazım idi. Vertolyotun qanadından dərd asılmışdı. Uçurdular. Bu uçuş yaralıları və binəsib umudluları təhlükədən çıxardan sərnişin vertolyotlarının himayə uçuşu idi. Bu uçuş sərnişin vertolyotlarını himayə eləmək məqsədi daşısa da Yavər bu faciənin üstündən uçub keçə bilmədi, heysiyyatı onu qan dənizinə, ölüm səhrasına dönmüş Xocalıya endirdi…
      Cəsədlərin açıq gözlərinə baxa bilmirdilər. Pilotların bu faciənin baş verməsində, qarşısının alınmamasında bir günahları olmasa da çəkindilər. Günahı olanlar isə bu soyuq qış gecəsində
      Yavər Əliyev 1992-ci il yanvarın 22-də dəhşətli bir xəbər alır. Yoldaşlarının idarə etdiyi Mİ-8 vertolyotu düşmən tərəfindən vrulmuşdu. Azərbaycanın cəsur oğulları Viktor Seryogin, Ərəstun Mahmudov, Səfa Axundov həlak olmuşdular. İgid şahin Şuşaya gələrək düşmən atəşi altında onların cəsədlərini götürə bilmişdi.
O, Azərbaycanın Hərbi Hava Qüvvələrinin yaranmasında da böyük işlər görmüşdü. 1992-ci ilin fevralın 14-də MDB hərbi hissələrindən Azərbaycana bir neçə Mİ-24 hərbi vertolyotunun göndərilməsində onun böyük xidməti olmuşdur.
     Yavər Əliyev bir neçə dəfə Qarabağa Mİ-24 vertolyotunda uçuşlar etmişdir. Aşağı yüksəklikdə uçaraq düşmən mövqelərinə ağır zərbələr endirirdi. Bu uçuşlar zamanı ermənilər böyük itkilər verirdi.
     Fevral ayının 29-u idi. Döyüş manevrlərini təkrarlamaq üçün təlim uçuşları keçirilməli idi. Bu gün aviasiyamızın tarixində faciəli bir gün kimi qaldı.
      Sergey Senyuşkin və Yavər Əliyevin idarə etdiyi Mİ-24 vertolyotu təlim zamanı qəzaya uğradı. Vertolyot Novxanı gölünə düşdü. Hər iki təyyarəçi həlak oldu.
      Ailəli idi. İki övladı atasının peşə yolunu davam etdirir.
     Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 1992-ci il tarixli 204 saylı fərmanı ilə Əliyev Yavər Yaqub oğluna ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» fəxri adı verilmişdir.
     Bakı şəhrinin Şəhidlər Xiyabanında dəfn edilmişdir. Təhsil aldığı 235 saylı orta məktəb onun adını daşıyır.


“Milli Qəhrəmanlar” qəzeti