Mübariz Ağakərim oğlu İbrahimov
7 fevral 1988-ci ildə Biləsuvar rayonunun Əliabad kəndində zəhmətkeş bir ailədə dünyaya göz açmışdı. 1994-cü ildə Şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinə getmiş, 2005-ci ildə oranı bitirmişdi. Elə həmin il Biləsuvar rayon Hərbi Komissarlığından Milli Ordu sıralarına çağrılmışdı. O, Daxili Qoşunların Xüsusi təyinatlı bölüyündə xidmətə başlayır. Qısa müddətdə çavuş rütbəsi alır. 2007-ci ildə ordudan tərxis olunaraq bir müddət mülki işlərdə çalışır. Lakin Vətən sevgisi hər şeydən üstün gəlir. Könüllü ərizə yazaraq yenidən ordu sıralarına qayıdır. M.İbrahimov bir müddət Silahlı Qüvvələrin təlim-tədris mərkəzinin gizir hazırlıq kursunda təhsil alır. Sonra ehtiyat hərbi hissədə xidmətə göndərilir.Mübariz burada xidmət etmək istəmirdi. Yalnız ön cəbhədə olmağa çalışırdı. O, dəfələrlə komandanlığa ərizə ilə müraciət edərək, onu ehtiyat hərbi hissədən ön xətdə yerləşən bölmələrdən birinə dəyişmələrini xahiş edir. Nəhayət istəyinə nail olur. Bir ay idi burada xidmət edirdi.Gizir Mübariz İbrahimovu bu ön xətdə gətirən bir amal, bir istək idi. Vətən! Millət! Torpaq!.. Onun qəlbində bir müqəddəs fikir hakim kəsilmişdi: «Məzlumun dostu, zalımın düşməniyəm».Zaman etibarı ilə bu, çox qısa bir vaxtdır. Ancaq bu qısa zaman kəsiyində Mübariz sözün əsl mənasında özünün zabitlərə, əsgərlərə sevdirə bildi. Bir sözlə hamının məhəbbətini qazandı.Mübariz daxilən utancaq, az danışan, Vətəni sevən və Tanrıya bağlı bir insan idi. Həmişə ehtiyacı olanlara kömək etməyi, onlara mənəvi dayaq olmağı xoşlayırdı.18 iyun 2010-cu il… Tərtər rayonu yaxınlığında yerləşən Şiştəpə adlanan ərazi.. saat 23:30-dur. Bir qrup erməni hərbiçisi atəşkəsi pozaraq mövqelərimizə hücuma keçir. Həmişə səngərdə ayıq-sayıq dayanan Milli Ordunun əsgərləri bu dəfə də düşmənə layiqli cavab verirdi.Gizir Mübariz İbrahimov bu döyüşdə xüsusi ilə fərqlənirdi. O, hücuma keçən erməni yaraqlılarının həmləsini dəf edərək təkbaşına düşmənin onlarla canlı qüvvəsini məhv edir. Bu döyüşdə o, qəhrəmancasına həlak olur.Subay idi.Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2010-cu il tarixli fərmanı ilə İbrahimov Mübariz Ağakərim oğluna ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adı verilmişdir.Biləsuvar rayonunda adına küçə və orta məktəb var.
Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr). Bakı, 2010, səh. 134-135