Məhəmməd Ələsgər oğlu Həsənov
Azərbaycanın Milli qəhrəmanı. 9 avqust 1959-cu ildə Goranboy rayonunun Qarasüleymanlı kəndində anadan olmuşdur. l966-cı ildə rayonun 3 saylı orta məktəbinə getmiş, 1976-cı ildə təhsilini başa vurmuşdur. 1977-ci ildə hərbi xidmətə çağırılmışdır. 1979- cu ildə Murmanskda hərbi xidmətini başa çatdırdıqdan sonra Kiyev şəhərinə gəlir. 1980-ci ildə Kiyev Radioelektronika Texnikumuna daxil olur. 1984-cü ildə texnikumu bitirir və buradakı “Kommunist” zavodunda əmək fəaliyyətinə başlayır. 1987-ci ildə Vətənə qayıdır və vaxtilə oxuduğu 3 saylı orta məktəbə ibtidai hərbi hazırlıq müəllimi təyin edilir.O, daim öz üzərində çalışır, təhsilini davam etdirmək barədə düşünürdü. Elə bu məqsədlə 1989-cu ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutuna (red. – indiki Slavyan Universiteti) daxil oldu. Soydaşlarımızın doğma ata-baba yurdundan didərgin düşməsi, obalarımızın erməni işğalçıları tərəfindən talan edilib yandırılması Məhəmmədin qəlbini düşmənə qarşı qəzəb hissi ilə alovlandırırdı. 1988-ci ildən başlayaraq Goranboy rayonu tez-tez erməni təcavüzünə məruz qalırdı. 1991-ci il… Məhəmməd bölük komandiri təyin edilir. Bir qədər sonra 1 saylı ərazi özünümüdafiə batalyonunun komandiri olur.1991-ci ilin dekabrın 9-u idi. Todan kəndi qəflətən erməni yaraqlılarının əlinə keçir. Bu hadisə bütün goranboyluları qəzəbləndirir. Məhəmməd 33 döyüşçü götürüb ayrı-ayrı hissələrə bölünərək Todan kəndinə hücuma keçirlər. Onlarla yaraqlı məhv edilir. Ermənilər bu döyüşdə pərən-pərənə düşərək geri çəkilməyə məcbur olurlar. Todan kəndi mərdliklə geri alınır. Ondan sonra M.Həsənovun döyüş yolu Mənəşli, Erkəc, Rus Borisi, Erməni Borisi, Qaraçinar, Talış kəndlərindən keçir. Getdikcə mətinləşən batalyon bir-birinin ardınca uğurlar qazanır.14 iyun 1992-ci il… Keçmiş Şaumyan rayonu ərazisinin erməni faşistlərindən təmizləməsində bu batalyon böyük rəşadət göstərir. Ağdərə bölgəsinin geri alınmasında da bu batalyonun xidmətləri qürur doğurur.Azərbaycan Respubilkası Prezidentinin 23 iyun 1992-ci il tarixli 6 saylı fərmanı ilə Həsənov Məhəmməd Ələsgər oğluna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.Döyüşlərdə böyük şücaət göstərən cəsur komandir 8 sentyabr 1992-ci ildə batalyon ləğv edildikdən sonra, öz fəaliyyətini 019 saylı hərbi hissədə davam etdirmişdir, 1993-cü ildə Bakı Ali Komandirlər Məktəbini bitirmiş, 1994-2000-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında baş müəllim vəzifəsində işləmişdir. O, polkovnik-leytenant rütbəsinəcən yüksəlmişdir.2002-ci ildə Goranboy rayonunun Veysli kənd, sonra isə Goranboy şəhər 3 saylı orta məktəbinin direktoru vəzifəsində çalışır.Ailəlidir. İki qız, iki oğul atasıdır.