Mirəsgər Mirabdulla oğlu Seyidov
Azərbaycanın Milli qəhrəmanı Seyidov Mirəsgər Mirabdulla oğlu 6 fevral 1970-ci ildə Babək rayonunun Qaraxanbəyli kəndində doğulub. 1987-ci ildə 39 saylı Naxçıvan şəhər orta məktəbini bitirdikdən sonra, bir müddət doğma kəndlərində çalışır. 1988-ci ildə Sovet Ordusu sıralarına hərbi xidmətə çağrılır. 1990-cı ildə hərbi xidmətini başa vurub, öz doğma yurdu Naxçıvana dönür.
Ermənilərin “Böyük Ermənistan” yaratmaq xülyası ilə törətdikləri vəhşiliklər qədim Naxçıvan torpaqlarından da yan keçmir. Erməni yaraqlıları Naxçıvanın kəndlərinə aramsız hücumlar edir, bu torpaqları Azərbaycandan qoparıb öz caynaqlarına almağa çalışırdılar. Bu çətin günlərdə Vətənin igid oğulları öz canları, qanları bahasına torpaqlarımızı yağı düşməndən qoruyurdular. Seyidov Mirəsgər Mirabdulla oğlu da könüllü olaraq Babək rayonu Yuxarı Buzqov kənd özünümüdafiə batalyonunun tərkibində vuruşurdu. Kəndin müdafiəsində igidliyi və cəsurluğu ilə fərqlənirdi. Seyidov Mirəsgər Mirabdulla oğlu bir neçə dəfə, ən çətin məqamlarda döyüşçü dostlarının köməyinə çatmışdı. Onun son döyüşü isə 1992-ci il iyun ayının 14-də oldu. Seyidov Mirəsgər Mirabdulla oğlu bu dəfə yoldaşlarını xilas edərkən ağır yaralanır və şəhidlik zirvəsinə ucalır.
Subay idi.
Azərbaycan Resbublikası Prezidentinin 18 dekabr 1992-ci il tarixli 367 saylı fərmanı ilə Seyidov Mirəsgər Mirabdulla oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Naxçıvan şəhərində Şəhidlər Xiyabanında dəfn olunub.
Oxuduğu 15 saylı Naxçıvan şəhər orta məktəbinə onun adı verilib.