Yavər Əlibala oğlu Şahbazov

Şahbazov Yavər Əlibala oğlu 1 noyabr 1973-cü ildə Xaçmaz rayonunun Qıraqlı kəndində anadan olub. 1981-ci ildə Alekseyevka kənd orta məktəbinin birinci sinfinə gedib. Hazırcavablılığı ilə müəllimlərinin, şagird dostlarının hörmətini qazanır. O, dərslərinə xüsusi diqqət yetirirdi. 1991-ci ildə orta məktəbi bitirdikdən sonra Şamaxı Mədəni-Maarif Texnikomuna daxil olur. Yavər ermənilərin torpaqlarımızı zəbt etməsindən çox narahat idi. Soydaşlarımızın öz doğma yurdlarından didərgin salınması onu narahat edirdi.
Torpaqlarımızı qorumaq üçün əsgərlik vaxtının çatmasını səbirsizliklə gözləyirdi. Nəhayət 1994-cü il iyunun 8-də o, Milli Ordu sıralarında xidmətə başladı.
1995-ci il martın 13-də dövlət çevrilişinə cəhd zamanı müstəqilliyimizə, suverenliyimizə yönəldilən bu mənfur niyyətin qarşısının alınmasında Yavər də iştirak edirdi. Şahbazov Yavər Əlibala oğlu qiyamçıların atəşi altında qalan döyüş yoldaşlarını xilas etmək üçün irəli atılaraq bir neçə yaralını xilas etdi. Özü isə bu qarşıdurmada həlak oldu.
Subay idi.
Azərbaycan Resbublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Şahbazov Yavər Əlibala oğlunun ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Alekseyevka kəndində dəfn olunmuşdur. Alekseyevka kənd orta məktəbi hazırda qəhrəmanın adını daşıyır. Məktəbin önündə və Xaçmaz şəhərində büstü qoyulub. 2003-cü ildə isə Alekseyevka kəndində onun xatirəsinə Şəhidlər abidəsi ucaldılıb.