Roman Yasəf oğlu Yusifov
28 iyul 1973-cü ildə Dəvəçi rayonunda doğulmuşdur. 1980-ci ildə burada 2 saylı orta məktəbin birinci sinfinə daxil olmuş, 1990-cı ildə onuncu sinfi bitirmişdir. 1992-ci ildə Milli Orduya çağırılmışdır. Bir müddət Naxçıvan şəhərində hərbi təlim keçdikdən sonra Sədərək rayonuna göndərilir. O vaxt erməni qəsbkarları Naxçıvana tez-tez hücumlar edir, hər vəchlə oranı zəbt etməyə çalışırdılar. Ermənistanla həmsərhəd olan Sədərək rayonu əsl döyüş meydanına çevrilmişdi. Roman Yusifov bu döyüşlərdə Vətən qarşısında borcunu mərdliklə yerinə yetirirdi. 1992-ci ilin oktyabr ayında o, yaralanır. Əvvəlcə Naxçıvanda, sonra isə Bakı şəhərində müalicə olunur. Müalicədən sonra xidmətini 777 saylı hərbi hissədə davam etdirir.
Gənc əsgər nümunəvi davranışı və yüksək hərbi hazırlığı ilə burada da yoldaşlarına örnək olur. O, komandirin təqdimatı ilə birillik zabitlər kursuna göndərilir. Roman Yusifov kursu müvəffəqiyyətlə başa vuraraq leytenant rütbəsi alır və yenidən hərbi hissəyə qayıdır. Onu taqım komandiri təyin edirlər.
17 mart 1995-ci ildə ölkədə sabitlik yenidən pozuldu. Bakıda az qala vətəndaş müharibəsi başlayacaqdı. Ürəklər həyəcanda idi. Dövlət çevrilişinə cəhd edənlərin məqsədi yeni qurulmuş dövləti devirib, ölkədə anarxiya yaratmaq idi.
Milli Ordu vətəndaş müharibəsinin qarşısını məharətlə aldı, qara niyyətlər puç oldu. Qəlbi vətən sevgisi ilə döyünən Roman Yusifov bu hadisələrə biganə qala bilməzdi. O, dövlətçiliyimiz yolunda öz canını qurban verdi.
Subay idi.
Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Yusifov Roman Yasəf oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Dəvəçi rayonunun Qalagah kəndində dəfn edilmişdir.
Oxuduğu 2 saylı orta məktəb onun adını daşıyır.
Mənbə: Milliqahramanlar.az