İnqilab Ələkbər oğlu İsmayılov

24 fevral 1962-ci ildə Qarabağın dilbər guşəsi olan Xocalıda anadan olmuşdur. Orta məktəbi 1979-cu ildə bitirmişdir. 1981-ci ildə ordu sıralarına çağırılmış və daxili qoşunlarda xidmətə başlamışdır. Hərbi xidmətdə olduğu vaxtda Xarkov şəhərində gizirlik məktəbini bitirmişdir. O, 1984-cü ildə doğma Xocalıya qayıdır və sovxozda traktorçu işləyir. 1988-ci ildən başlayaraq Dağlıq Qarabağda vəziyyət gərginləşirdi. Erməni quldurları azərbaycanlılara qarşı tez-tez təxribatlar törədir, hər vəchlə onları yurd-yuvalarından sıxışdırıb çıxarmağa çalışırdılar. Gənclər gecə-gündüz Xocalının keşiyini çəkirdilər. İnqilab da onların sırasında idi. O, 1990-cı ildə Xocalı Polis Şöbəsində işə düzəlir. Bu vaxtlar hücumların ardı- arası kəsilmirdi. Hər gün ermənilər şəhərə raket zərbəsi endirirdilər. Partlayışlar nəticəsində evlər dağılır, ailələr faciəli surətdə həlak olurdular. Vəziyyət get-gedə gərginləşirdi. Xocalı hər tərəfdən mühasirəyə alınmışdı. Tezliklə buradan uşaqları, qadınları və qocaları çıxarmaq lazım idi. İnqilab bu işdə camaata öz köməyini əsirgəmirdi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə… Xocalıda erməni quldurları ilə Rusiyanın 366-cı motoatıcı alayı birləşərək tarixdə misli görünməmiş soyqırımı törətdilər. İnqilab yoldaşları ilə birlikdə vuruşa-vuruşa sağ qalmış camaatın bir hissəsini düşmən mühasirəsindən çıxara bildi. O, ailəsini Oğuz rayonunda yerləşdirib, yenidən cəbhə xəttinə döndü. Fəaliyyətini isə Ağdam rayon Polis Şöbəsinin post-patrul xidməti alayında davam etdirməli oldu. İ.lsmayılovun xidmət etdiyi post-patrul alayı Daşbaşı yüksəkliyini göz bəbəyi kimi qoruyurdu. Erməni silahlı birləşmələri bu yüksəkliyi ələ keçirmək üçün dəfələrlə hücuma keçir, lakin ağır itki verərək geri çəkilirdi.

Düşmən 1992-ci ilin 12 iyununda böyük qüvvə ilə Daşbaşı yüksəkliyinə yenidən hücum etdi. Cəsur döyüşçülər bu dəfə də hücumun qarşısını məharətlə aldılar və düşmənin 6 postunu sıradan çıxardılar. İnqilab bu döyüşdə qələbəni öz qanıyla yazdı. Cəbhə dostları nə qədər cəhd etsələr də, onun cəsədini döyüş meydanından çıxara bilmədilər.
Ailəli idi. Üç övladı yadigar qalıb.

Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə İsmayılov İnqilab Ələkbər oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Bakının Xətai rayonundakı küçələrdən biri onun adını daşıyır. Həmin küçədə xatirə lövhəsi vurulub.