Etibar Firudin oğlu Hacıyev

Azərbaycan Respublikasının Milli qəhrəmanı. 5 aprel 1971-ci ildə Qərbi Azərbaycanın Vardenis rayonunun Zod kəndində doğulmuşdur. Orta məktəbi bitirdikdən sonra bir müddət sovxozda işləmişdir. “Böyük Ermənistan” xülyası ilə yaşayan ermənilər 1988-ci ildə orada yaşayan azərbaycanlıları öz dədə-baba yurdlarından qovduğu zaman Etibar ailəsi ilə birlikdə Kəlbəcər rayonuna pənah gətirmişdir. O, 1989-cu il iyun ayının 13-də hərbi xidmətə çağırılmışdır. Perm vilayətində hərbi xidmətini başa vurduqdan sonra ailəsinin məskunlaşdığı Xanlar rayonuna gəlir. Öz dədə-baba yurdlarından zorla qovulması onda ermənilərə qarşı dərin nifrət hissi oyatmışdı. Hər zaman mənfur düşməndən qisas almaq barədə düşünürdü.

1992-ci il… Etibar Hacıyev könüllü olaraq Milli Orduya yazılır və torpaqlarımızın müdafiəsinə qalxır. O, bir çox döyüşlərdə rəşadətlə vuruşur; Böyük Canbar, Kiçik Canbar, Buzlaq, Erkəc kəndlərinin düşmən tapdağından azad edilməsində xüsusi fədakarlıq göstərir. 1992-ci il iyun ayının 15-də Goranboy rayonunda Ağcakənd kəndinin azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olur.
Subay idi.

Azərbaycan Respublikası prezidentinin 23 iyun 1992-ci il tarixli 6 saylı fərmanı ilə Hacıyev Etibar Firudin oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Xanlar rayonunun Şəhidlər xiyabanında dəfn edilmişdir.
Xanlar rayonunun Yeni Zod kəndindəki küçələrdən biri onun adını daşıyır.