Əsəd Soltan oğlu Əsədov

Azərbaycanın Milli qəhrəmanı Əsəd Soltan oğlu Əsədov 1956-ci ilinin mart ayının 22-də Zəngilan rayonunun Turabad kəndində doğulmuşdur. 1963-73-cü illərdə Mincivan qəsəbənin orta məktəbində təhsil almışdır.
  1975-ci ildə Ə.Əsədov Sover Ordusu sıralarına çağırılmışdır. Hərbi xidmətini başa vurduqdan sonra Saratov vilayətinin Krasnokutsk şəhərindəki Təyyarəçilik Məktəbinin mülki aviasiya şöbəsinə daxil olmuşdur. 1976-cı ildə təyyarələrin uçuş istismarı pəşəsinə yiyələnərək, Yevlax Mülki Aviasiya İdarəsində öz ixtisası üzrə işləməyə başlamışdır.
 Erməni işğalçılarının torpaqlarımıza təcavüzü başlayanda, o da mübarizəyə qoşuldu. Ə.Əsədov təcrübəli təyyarəçi kimi dəfələrlə döyüş bölgələrinə uçuşlar etmiş və hər dəfə də ekstremal vəziyyətlərdə düzgün qərar qəbul edərək, düşmənin layiqli cavabını vermişdir.
   1991-ci ilin oktyabr ayının 29-da Ə.Əsədov 9 nəfər döyüşçü ilə səmaya qalxdı. Xocalı aeroportuna köməyə can atan cəsur döyüşçülər Xanabad kəndi üzərindən uçarkən düşmən tərəfindən güclü atəşə tutuldu. Cəsur komandir bu uçuş zamanı heyət üzvləri ilə birlikdə həlak oldu.
  Azərbaycan Respublikası Prezidentinin 25 noyabr 1992-ci il tarixli 337 saylı Fərmanı ilə Əsədov Əsəd Soltan oğluna ölümündən sonra “Azərbaycan Milli Qəhrəmanı” adı verilmişdir.
   Ə.Əsədov Zəngilan rayonunda dəfn edilmişdir.