Gültəkin Məlik qızı Əsgərova

Azərbaycanın Milli qəhrəmanı Əsgərova Gültəkin Məlik qızı 20 noyabr 1960-cı ildə Bakı şəhərində dünyaya göz açıb. 1978-ci ildə Nərimanov rayonundakı 200 saylı orta məktəbi əla qiymətlərlə bitirib. Gültəkin fizika, kimya, riyaziyyat fənləri üzrə məktəbdə keçirilən olimpiyadalarda daim iştirak edərək həmişə qalib adını qazanıb. 1983-cü ildə Azərbaycan Dövlət Tibb Universitetinə daxil olub və təhsilini 1989-cu ildə başa vurub. Təhsil illərində Daxili İşlər Nazirliyinin Hərbi hospitalında əvvəlcə kiçik tibb bacısı, sonra isə böyük tibb bacısı işləyib. Ali məktəbi bitirdikdən sonra isə 8-ci Təcili Yardım Stansiyasında çalışıb. Daha sonra isə Uroloji xəstəxanada…
O, burada anestezioloq-reanimatoloq vəzifəsində işləyir, həkimlərin dərin hörmətini qazanır. Dağlıq Qarabağ hadisələri başlayanda qəlbi qəzəb alovuna bürünür. 4 aprel 1992-ci ildə könüllü olaraq cəbhəyə yollanır. Əvvəlcə Turşsuda, sonra isə Şuşada neçə-neçə yaralı əsgərə tibbi yardım göstərir. Güllə yağışları altında o, yaralı döyüşçüləri təhlükəsiz yerlərə aparır, onlara ilk tibbi yardım göstərir. Şuşa alındıqdan sonra Laçının, Qubadlının müdafiəsində yaxından iştirak edir. Uzun döyüş yolu keçən Gültəkin Əsgərova 20 iyun 1992-ci ildə Aranzəmin-Naxçıvanik istiqamətində gedən ağır döyüşdə öz xidməti borcunu yerinə yetirərkən həlak olur.
Ailəli idi. Bir qızı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 1993-cü il tarixli 31 saylı fərmanı ilə Əsgərova Gültəkin Məlik qızı ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdur.
Oxuduğu 200 saylı orta məktəbə onun adı verilmiş, Bakı şəhər Nərimanov rayonunda büstü qoyulmuşdur. Xəzərdə üzən gəmilərdən biri Qəhrəmanın adını daşıyır, gəmidə muzeyi yaradılmışdır. Bakının Nərimanov rayonundakı xəstəxananın önündə də büstü qoyulmuşdur.