Murad Telman oğlu Mirzəyev

Azərbaycanın Milli qəhrəmanı Murad Mirzəyev 1976-cı ilin 31 mart günündə Sabirabad rayonunun Muğan Gəncəli kəndində anadan olub. Hələ uşaq yaşlarında hərbçi olmaqa can atan Mirzəyev anasının razılığı ilə sənədlərini Cəmşid Naxçıvanski adına Hərbi Liseyə verib. 1991-1994-cü illərdə bu hərbi liseydə təhsil alan Murad Mirzəyev daha sonra təhsilini Türkiyədə davam etdirib və 1998-ci ildə ali hərbi məktəbi bitirib. Nəticədə Murad Mirzəyev Amerika Birləşmiş Ştatları, Rumıniya və İordaniyada baş tutan hərbi təlimlərə qatıldı.

Murad Mirzəyev 2004-cü ildə Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsində təhsil alan Fizzə Mirzəyeva ilə ailə həyatı qurdu. Murad Mirzəyevin 2009-cu il təvəllüdlü Nurlan və 2011-ci il təvəllüdlü Dəniz adında iki övladı yadigar qaldı.

Murad Mirzəyev Amerikada ranger kursunu bitirdikdən sonra vətənə qayıdır. O Gəncə şəhərində “N” saylı hərbi hissələrin birində hərbi xidmətə başlayır. Sonralar isə Xüsusi Təyinatlı qüvvələrin zabiti olur. Xidmətə başlamasının 10-cu illiyində Murad Mirzəyev “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı ilə təltif olunur və bu mükafat Murad Mirzəyevin ilk mükafatı olur. Murad Mirzəyev “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)”, yubiley medalları və “Qızıl Ulduz” medalı ilə təltif olunmuşdur.

Murad Mirzəyev 2016-cı il Aprel Döyüşlərində komandiri olduğu qrup ilə birlikdə Talış kəndi ətrafındaki yüksəklikləri düşməndən azad etmiş və baş verən qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olmuşdur. Murad Mirzəyev ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.