Rövşən Nəriman oğlu Əliyev

Azərbaycanın Milli qəhrəmanı Əliyev Rövşən Nəriman oğlu 30 avqust 1972-ci ildə Bakıda anadan olub. O, 1989-cu ildə Xətai rayonundakı 254 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Poltexnik İnistitutunun Maşınqayırma fakultəsinə daxil olur.
1990-cı ildə baş verən Qanlı Yanvar faciəsi hər bir Vətən övladı kimi Əliyev Rövşən Nəriman oğluna da çox ağır təsir təsir edir. O, heç cür özünə gələ bilmir, narahat günlər keçirirdi. Rövşən torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə son dama qanına qədər vuruşacağına qərar verdi. 
O, 1991-ci ilin mayında könüllü olaraq orduya yazıldı. Sonra Ağdamda yaradılmış milli müdafiə taborunda döyüşə atılaraq Sırxavənd, Qazançı, kəndlərinin azad edilməsində yaxından iştirak edir. Cəsur döyüşçü Əliyev Rövşən Nəriman oğlu 1992-ci ilin mart ayında yeni bir tapşırıq aldı: əsgərlərimiz Muğanlı, Şıxbabalı yüksəkliklərində mövqe tutmalıdır. Verilən tapşırıq peşəkarlıqla yerinə yetirildi. 
Ermənilər 1992-ci il mayın 13-də əsgərlərimizi Dəhraz kəndindən çıxarmaq məqsədilə Abdal kəndinə hücum etmişdilər. Əliyev Rövşən Nəriman oğlu döyüş zamanı yoldaşlarına köməyə gedir. Düşmən zərbələrə tab gətirməyərək geri çəkilir. Tələbə döyüşçü Ağbulaq-Dəhraz əməliyyatlarında xüsusilə fərqlənir. Bu kəndlər Əliyev Rövşən Nəriman oğlu kimi oğulların dönməzliyi sayəsində erməni quldurlarından təmizlənir. 
1992-ci il iyunun 14-də azğınlaşmış düşmən yenidən böyük qüvvə ilə Dəhraz kəndinə hücum edir. Əsgərlərimiz mühasirəyə düşür. Rövşən yaralı yoldaşlarının düşmən əlinə keçməməsi üçün böyük sücaət göstərərək, onları döyüş meydanlarından uzaqlaşdırmaqğa müvəffəq olur. Növbəti dəfə komandirini xilas edərkən başından yaralananan döyüşçü bir qədər sonra gözlərini əbədi yumur.
Azərbaycan Resbublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə Əliyev Rövşən Nəriman oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. 
Bakıdakı Şəhidlər Xiyabanında dəfn olunub. Vaxtılə təhsil aldığı 254 saylı orta məktbə və Bakı şəhərindəki küçələrdən birinə qəhrəmanımız Əliyev Rövşən Nəriman oğlunun adı verilib.