Kamil Balədə oğlu Nəsibov

Azərbaycanın Milli qəhrəmanı Nəsibov Kamil Balədə oğlu 8 oktyabr 1946-cı ildə Laçın rayonunun Bozlu kəndində anadan olub. 1963-cü ildə orta təhsilini Laçın rayonunun Minkənd kəndində bitirir və elə həmin ordu sıralarına hərbi xidmətə göndərilir. O, üç ildən sonra ordudan tərxis olunub Vətənə qayıdır. 1973-cü ildə o, Azərbaycan Politexnik İnstitutuna (indiki Texniki Universitet –red) daxil olub.
Ali təhsilini başa vurduqdan sonra Nəsibov Kamil Balədə oğlu Minkənd ərazisində yerləşən Tikinti Materialları Bazasına müdir təyin edilir. 
Laçın rayonu Ermənistanla həmsərhəd olduğundan, tez-tez hücuma məruz qalırdı. 
Belə bir vaxtda, rayonu müdafiə etmək lazım gəlirdi. Nəsibov Kamil Balədə oğlu 30 nəfərdən ibarət özünümüdafiə dəstəsi yaradaraq, dəstəyə rəhbərliyi öz üzərinə götürür. Yeni yaradılmış dəstə ermənilərin Gorus rayonunda yerləşən qərərgahlarını yoxlamaq məqsədilə dəfələrlə kəşfiyyata çıxır, əhəmiyyətli məlumatlar əldə edirdi. Cəsur döyüşçünün Sadınlar, Çağazur, Malıbəy, Cicimli, Qazıdərə kəndlərinin düşməndən müdafiə edilməsində böyük xidmətləri olub. Laçın rayonu köçürüləndən sonra 811 saylı Laçın alayında taqım komandiri vəzifəsini yerinə yetirən Nəsibov Kamil Balədə oğlu, rayonun Fərəcan, Səfiyan, Xanalılar, Suarası kəndlərinin düşməndən təmizlənməsində də igidlik göstərib. 
29 iyun 1992-ci il “Qonaqgörməz” yüksəkliyi uğrunda gedən döyüşlər… bu Kamilin son döyüşü imiş. Yüksəkliyi əldən verməmək üçün kamil öz taqımı ilə hücuma keçir. Vuruşun qızğın çağında düşmənin snayperi cəsur komandiri yaralayır. Döyüşçü yoldaşları onu döyüş meydanından çıxartmağa çalışsalar da o, buna etiraz etdi. Elə döyüş meydanında da çoxlu qan itirdiyindən həlak oldu.
Ailəlidir. Dörd övladı var.
Azərbaycan Resbublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Nəsibov Kamil Balədə oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Ağcabədi rayonunda dəfn edilib.
Doğulduğu kənddəki Mədəniyyət evi onu adını daşıyır.