Aqil Səməd oğlu Məmmədov

Azərbaycanın Milli qəhrmanı 30 iyul 1969-cu ildə Qubadlı rayonunda dünyaya göz açmışdır. İlk təhsilini 1984-cü ildə Qubadlı rayon 2 saylı natamam orta məktəbində almış, sonra 126 saylı Xınalıq texniki peşə məktəbində davam etdirmişdir. Əmək fəaliyyətinə Qubadlı rayon Avtomobil Nəqliyyatı İdarəsində başlamışdır. 1987-ci ildə Orenburq vilayətində hərbi xidmətə başlayır. Bir müddətdən sonra xidmətini yarımçıq qoyaraq, vətənə qayıtmışdır. Qubadlı rayonu özünümüdafiə taboruna qoşulmuşdur. “Qaranquş” kəşfiyyat dəstəsinin məğlubedilməz döyüşçüsü kimi tanınmışdır. 1992-ci ilin iyun ayında girov götürdüyü erməni zabiti ilə əsir düşmüş əsgərimizi dəyişdirmişdir. 1992-ci il avqustun 7-də Laçın rayonunun Susuzdağ yüksəkliyi uğrunda gedən amansız döyüşdə ağır yaralanır. Çoxlu qan itirdiyindən Aqilin həyatını xilas etmək mümkün olmur və o, qəhrəmancasına həlak oldu.
Ailəli idi. Bir qızı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı Fərmanı ilə Məmmədov Aqil Səməd oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı berilmişdir. 
Qubadlı rayonunun Şəhidlər Xiyabanında dəfn edilmişdir. 
Təhsil aldığı 2 saylı orta məktəb onun adını daşıyır. Hazırda bu məktəb Sumqayıt şəhərində fəaliyyət göstərir. Qubadlıda və Gəncədə adına küçə var.