Yunis İsa oğlu Nəcəfov

Azərbaycanın Milli qəhrəmanı 1967-ci il avqustun 31-də Kəlbəcər rayonunda anadan olub.1985-ci ildə Goranboy rayonunun Qarqucaq kənd orta məktəbini bitirib. Bakı Hərbi Komandirlər Məktəbinə daxil olub. İkinci kursdan sonra təhsilini Çelyabinsk Tank Məktəbində davam etdirib. 1989-cu ildə leytenant rütbəsi aldıqdan sonra oradakı hərbi hissələrdən birində qulluq etməyə başlayıb. 1990-cı ildə Bakıya gələrək Biləcəri Dəmiryol İdarəsində çalışıb. Yunis 1991-ci ildə könüllü olaraq cəbhəyə yollanıb. 701 nömrəli hərbi hissədə bölük komandiri kimi xidmətə başlayıb. Kərkicahan, Malıbəyli kəndlərinin, Şuşa şəhərinin erməni işğalçılarından müdafiəsində iştirak edib. O, bir leytenant kimi bütün döyüşlərdə üzərinə  düşən  vəzifələri məsuliyyətlə yerinə  yetirib.

Y.Nəcəfovun son döyüşü Kəlbəcərin kəndlərinin müdafiəsi zamanı olub. 1992-ci il avqustun 24-də həmin kəndlərdə erməni işğalçılarına qarşı gedən gərgin döyüşlərdə qəhrəmancasına həlak olub.

Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 nömrəli Fərmanı ilə baş leytenant Nəcəfov Yunis İsa oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Goranboy rayonunun Qarqucaq kəndində dəfn olunub. Goranboy rayonunda və Biləcəri qəsəbəsində büstü qoyulub.