Paşa Qurban oğlu Təhməzov

Azərbaycanın Milli qəhrəmanı Təhməzov Paşa Qurban oğlu 23 mart 1949-cu ildə Lənkəran şəhərində anadan olmuşdur. 1964-cü ildə 6 saylı orta məktəbin səkkizinci sinfini bitirmiş, orta təhsilini fəhlə – gənclər məktəbində davam etdirmişdir. Əmək fəaliyyətinə Əhaliyə Məişət Xidməti İstehsalat Kombinatında usta köməkçisi kimi başlamışdır.

1993-cü il 23 avqustda Azərbaycanın cənub bölgəsində vəziyyət gərginləşəndə P. Təhməzov silaha sarılaraq “Talış Muğan Respublikası” adı ilə baş qaldıran daxili çəkişmələrin qarşısını almağa yollanır. Paşa Təhməzov dövlətçiliyimizin qorunması uğrunda öz canını əsirgəmir. Cinayətkar dəstə ilə baş verən qarşıdurma nəticəsində P. Təhməzov qəhrəmancasına həlak olur.

Ailəli idi. Üç övladı yadigar qalıb.

Lənkəran şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

Azərbaycan Respublikası prezidentinin 24 avqust 1993-cü il tarixli 740 saylı fərmanı ilə Təhməzov Paşa Qurban oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Lənkəran şəhərindəki küçələrdən biri onun adını daşıyır. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuş, “23 Avqust” meydanında büstü qoyulmuşdur.