Mövsüm Şahin oğlu Məmmədov

1967-ci il iyunun 6-da Xocalı rayonunun Kosalar kandində dünyaya göz açmışdır. Canhasan kənd ibtidai məktəbini bitirdikdən sonra, orta təhsilini 1984-cü ildə doğma kəndində başa vurmuşdur. 1985-ci ildə ordu sıralarına çağırılmışdır. 1987-ci ildə ordudan tərxis olunaraq, Vətənə dönmüşdür. O, 1988-ci ildə Şuşa Elektrik Şəbəkəsi Birliyində əmək fəaliyyətinə başlayır. 1990-cı ildə isə həyatını  daxili işlər orqanlarına bağlayır. O vaxtlar Azərbaycanda vəziyyət getdikcə ağırlaşırdı. Ermənilərin torpaq iddiası, yaraqlıların arası kəsilməyən hücumları ölkədə sabitliyi pozmuşdu. Belə bir vaxtda Dağlıq Qarabağda və ətraf rayonlarda yerli polis işçilərinə böyük ehtiyac duyulurdu. Elə bu səbəbdən sərhədyanı bölgələrdə yeni-yeni polis bölmələri yaradılmağa başladı. Belə bölmələrdən biri də Xocalı rayonunun Meşəli kəndində yaradıldı. Mövsüm Məmmədov Vətənin dar günündə öz fəaliyyətini daxili işlər orqanlarında davam etdirməyi özünə borc bildi. O, 1992-93-cü illərdə erməni işğalçılarına qarşı aparılan hərbi əməliyyatlarda mərdliklə vuruşmuş və Xocalı soyqırımı zamanı dinc əhalinin xilas edilməsində böyük sücaət göstərmişdir. 1994-cü ildə Şuşa Rayon Polis Şöbəsinin Post-Patrul Xidməti bölüyünə komandir təyin edilmişdir. M.Məmmədov hansı vəzifədə işləməsindən asılı olmayaraq, həmişə öz işinin öhdəsindən layiqincə gəlmişdir. Elə buna görə də 1994-ci ildə onu PPX-nin komandiri vəzifəsinə irəli çəkirlər. M. Məmmədov 1998-ci ildə DİN-nin Polis Akademiyasını bitirmişdir. O, indi Şuşa Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini vəzifəsində çalışır. Polis polkovnik-leytenantıdır. Ailəlidir. İki övladı var. Azərbaycan Respublikası Prezidentinin 25 fevral 1997-ci il tarixli 553 saylı fərmanı ilə Məmmədov Mövsüm Şahin oğluna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr). Bakı, 2010, səh. 200