Mətləb Kamran oğlu Quliyev

Azərbaycanın Milli qəhrəmanı Quliyev Mətləb Kamran oğlu 9 yanvar 1959-cu ildə Beyləqan rayonunda doğulub. İbtidai təhsilini 3 saylı pambıqçılıq savxozundakı orta məktəbdə alıb. Sonra ailəsi Sumqayıt şəhərinə köçüb. O, təhsilini səkkizinci sinifə qədər buradakı 13 saylı orta məktəbdə davam etdirib.
Hərbiçi olmaq həvəsi onu C.Naxçıvaniski adına hərbi məktəbə gətirir. Burada oxuyarakən o, hərb elminin sirrlərinə yiyələnməklə, verilən bütün tapşırıqları vaxtında yerinə yetirməyə çalışırdı. O, hərbi məktəbi müvəffəqiyyətlə bitirir, əvvəlcə Giləzi Quşçuluq fabrikində, sonra isə Ceyranbatan Avtomobil Nəqliyyatı Trestndə çilingər işləyir. Az keçmir ki, ordu sıralarına çağrılır. Hərbi xidməti Ukrayna Resbublikasında keçir. Ordudan tərxis olunan il Azərbaycan Dövlət Pedaqoji institutuna daxil olur. İnsititutda “Təhsil əlaçısı” döş nişanı ilə təltif edilir. 1985-ci ildə leytenant rütbəsi ilə ali məktəbi bitirib Sumqayıt şəhəri 3 saylı orta məktəbdə hərbi hazırlıq müəllimi kimi çalışmağa başlayır.
1992-ci ildə Quliyev Mətləb Kamran oğlu Daxili İşlər Orqanında işə düzəlir. O, bir zabit kimi Daxili Qoşunlara qəbul edilən gənclərin təlim-tərbiyəsi ilə mükəmməl məşğul olurdu. O, yaxşı bilirdi ki, Vətəni qorumaq, işğal olunmuş torpaqları erməni tapdağından azad etmək üçün əl-ələ vermək lazımdır. O, tez-tez cəbhə bölgələrinə gedir, döyüş yoldaşlarına dayaq olurdu.
Müharibə isə səngimək bilmirdi. 1992-ci ilin avqustun 31-də Ağdam bölgəsində ağır döyüşlər gedirdi. Strateji əhəmiyyətli yüksəkliklər ermənilərin əlində idi. Əsgərlərdə ruh yüksəkliyi yaratmaq lazım idi. Mətləb pulemyotu əlinə götürüb düşmənin üstünə şığıyır. Onlarla erməni yaraqlısı yerə sərilir. Erməni quldurları onun pulemyotunun darağında güllənin qurtardığını hiss edərək, hər tərəfdən hücuma keçirlər. Yanındakı kapitan yoldaşı həlak olur. Mətləb isə dolu darağı yenidən pulemyota qoşur və yenidən erməni faşistini biçməyə başlayır. Lakin özü də qəhrəmancasına həlak olur.
Ailəlidir. Bir oğlu, bir qızı yadigar qalıb.
Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.
Azərbaycan Resbublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 saylı fərmanı ilə baş leytenant Quliyev Mətləb Kamran oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Sumqayıt şəhər 3 saylı orta məktəb onun adını daşıyır. Məktəbin önündə büstü qoyulmuşdur. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuş, adına bulaq tikilmişdir.