Asif Yusif oğlu Məhərrəmov

Azərbaycanın Milli qəhrəmanı 1952-ci il iyulun 26-da Ağdam şəhərində anadan olub. 1969-cu ildə Ağdam şəhər 1 nömrəli orta məktəbi bitirmiş, rayondakı Dəzgahqayırma Zavodunda fəhlə kimi əmək fəaliyyətinə başlamışdı. 1971-ci ildə hərbi xidmətə getmişdi. 1991-ci il noyabrın 15-də Ağdamda könüllü özünümüdafiə taboru yaradaraq torpaqlarımızın müdafiəsində yaxından iştirak etmişdi. Asif 1992-ci il martın 7-də 859 nömrəli hərbi minaaxtaranlar hissəsinin komandiri təyin edilmişdi. 1992-ci ildə Asifin köməyi ilə Aranzəmin, Pircamal, Dəhraz, Xramort, Xanabad, Fərrux, Sırxavənd, Canyataq, Gülyataq, Qarakənd kəndləri düşməndən azad edilmişdi. Naxçıvanik uğrunda gedən döyüşdə ağır yaralanan Asif müalicə olunduqdan sonra yenidən cəbhəyə qayıtmışdı.

A.Məhərrəmov 1993-cü ildə Şelli uğrunda gedən döyüşdə iştirak etmiş, səhhəti ağırlaşdığından hərbi hissəni təhvil verərək, müalicə məqsədilə Yalta şəhərinə gedib və 1994-cü il iyulun 1-də dünyasını dəyişib.

Ailəli idi. Bir övladı var.

Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 nömrəli Fərmanı ilə Məhərrəmov Asif Yusif oğlu Azərbaycanın  Milli Qəhrəmanı adına layiq görülüb.

Bakı səhərində 2-ci Şəhidlər xiyabanında dəfn olunub. Bakı şəhərində adına küçə var.