Novruz Əliyullah oğlu Qurbanov
Qurbanov Novruz Əliyullah oğlu 2 iyun 1975-ci ildə Ağstafa rayonunun Yuxarı Göyçəli kəndində anadan olub. 1992-ci ildə burada orta məktəbi bitirir. 1993-cü il iyul ayının 3-də Novruz Ağstafa rayon Hərbi Komissarlığı tərəfindən Milli Orduya çağrılır. O, 776 saylı hərbi hissədə xidmətə başlayır. Xeyli müddət hərbi təlimlərdə iştirak edir. Sonra torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlər başlayır. O, öz qəhrəmanlığı ilə əsgər və zabit heyətinin dərin hörmətini qazanır.
1994-cü ilin mayında atəşkəs elan olunanada hamı sevinirdi. Hamı müharibənin qurtarmasını, münaqişənin sülh yolu ilə tənzimlənməsini gözləyirdi.
Lakin, sən demə, bu müharibənin sonu deyilmiş. Atəşkəsin üstündən bir il keçməmiş ölkədə qarşıdurma başladı. Bu, vahid düşmənə qarşı müharibə deyil, dövlətçiliyimizə, müstəqilliyimizə qarşı yönələn bir müharibə idi. 1995-ci il mart ayının 13-də mənfur niyyətli bir qrup millət xaininin başçılıq etdiyi silahlı dəstə dövlət çevrilişinə cəhd planı hazırlamışdı. Ancaq Milli Ordumuzun səyi nəticəsində bu dəstə zərərsizləşdirildi.
Qurbanov Novruz Əliyullah oğlu da müstəqilliyimizin qorunub saxlanması üçün əsgəri rəşadət göstərirdi. Əfsuslar olsun ki, 17 mart 1995-ci ildə gülləyə tuş gəldi.
Subay idi.
Azərbaycan Resbublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Qurbanov Novruz Əliyullah oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Yuxarı Göyçəli kəndində dəfn edilmişdir.
Doğulduğu kənddə büstü qoyulmuşdur.
Mənbə:
http://veten-ugrunda.az/milliqehremanlar/270-qurbanov-novruz-liyullah-olu.html