Fariz Çoban oğlu Qəhrəmanov
29 mart 1974-cü ildə Bərdə rayonunun Xəsili kəndində dünyaya göz açmışdır. Burada məktəbə getmiş, 1991-ci ildə orta təhsilini başa vurmuşdur. Həmin il ali məktəbə sənəd vermişdir. Lakin müsabiqədən keçməmişdir.
O, təhsilini Bərdə rayonundakı 47 saylı texniki-peşə məktəbində davam etdirmişdir. 1992-ci ilin iyun ayında Milli Orduya çağırılmış, 776 saylı hərbi hissədə xidmətə başlamışdır. O, hərbi hissənin tərkibində Ağdam, Ağdərə, Füzuli, Kəlbəcər və Tərtər rayonları uğrunda gedən ağır döyüşlərin iştirakçısı olmuşdur. 1994-cü ilin yanvarında Ağdərənin müdafiəsi zamanı yaralanmışdır. Bir müddət hərbi hospitalda müalicə olunmuşdur. Sonra yenidən cəbhəyə qayıtmışdır. O, 1995-ci il martın 13-də dövlət çevrilişinə cəhdin qarşısının alınmasında qəhrəmanlıq nümunəsi göstərmişdir.
Həmin hadisələr zamanı göstərdiyi igidliyə görə Qəhrəmanov Fariz Çoban oğlu Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Gənc döyüşçü 1995-ci ilin iyunundan 1996-cı ilin dekabrınadək Türkiyə Respublikasında Jandarm və Komanda Məktəbini bitirmişdir. 1997-ci ildə isə təhsilini Azərbaycan Texniki Universitetində davam etdirmiş, Maşınqayırma sənayesi üzrə menecment ixtisasına yiyələnmişdir. O,1999-eu ildə yenidən sənədlərini Ali Birləşmiş Komandanlıq Məktəbinə vermiş və motoatıcı qoşunlar komandiri ixtisası üzrə orada tam kursu başa vurmuşdur.
Ailəlidir. İki övlad atasıdır.
Hazırda mayor rütbəsində, Vətənin keşiyində öz hərbi peşəsini davam etdirir.
Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr), Bakı, 2010, səh. 158