Fəxrəddin Musa oğlu Musayev

Azərbaycanın Mİlli qəhrəmanı  Fəxrəddin Musayev 1957-ci ildə Türkmənistanın Bayraməli şəhərində hərbçi ailəsində anadan  olmuşdur. Nijni Novqorod şəhərindəki Politexnik İnstitutunda təhsilini tamamlamamış ordu sıralarına  çağırılmış və Çexoslovakiyadakı Şimal qoşun qrupunda hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdə ikən Orenburq Ali Hərbi Təyyarəçilər məktəbinə  daxil olmuşdur. Bakıya qayıtdıqdan sonra mükəmməl hazırlıqlı Fəxrəddin Sovet İttifaqı Qəhrəmanı Taran adına Sasovo Mülki Aviasiya  uçuş məktəbinə qəbul olunmuşdur. 1992-ci ildə o, həmin məktəbi fərqlənmə diplomu ilə bitirərək  An-2 təyyarəsinə komandir təyin edilmişdir.

Qarabağ müharibəsi iştirakçısıdır. 1992-ci ilin mart  ayından Mi-24 hərbi  helikopterində təyyarəçi-operator vəzifəsində hərbi xidmətə başlamışdır. 11 aprel 1992-ci ildə baş leytenant Fəxrəddin  Musayev Füzuli rayonunun ərazisində  düşmənə raket zərbələri endirərkən faciəli surətdə həlak olmuşdur.

Azərbaycan Respublikasının  suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə göstərdiyi  mərdlik və qəhrəmanlığa görə Fəxrəddin Musayev Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə ölümündən sonra Azərbaycan Respublikasının Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.

Şəhidlər xiyabanında dəfn edilib.