Şamil Ağasəf oğlu Ramazanov

Ramazanov Şamil Ağasəf oğlu 9 yanvar 1976-cı ildə Ağsu rayonunun Rəhimli kəndində anadan olub. 1993-cü ildə orta təhsilini bitirdikdən sonra bir il təsərrüfatda çalışır. 1994-cü il martın 19-da Ağsu rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağrılır. Bir neçə ay hərbi təlimdən sonra, N saylı hərbi hissəyə göndərilir. Çevikliyi, bacarığı ona əsgərlər arasında böyük hörmət qazanır. Orduda cəmi bir il xidmət etməsinə baxmayaraq, peşəkar bir döyüşçü kimi yetişmişdi.
Atəşkəs elan olunsa da, əsgərlər mütəmadi olaraq hərbi təlimlər keçir, döyüş hazırlıqlarını durmadan artırırdılar. Heç düşünmürdülər ki, onları qarşıda daha bir sınaq, daha bir qarşıdurma gözləyir.
Bu, 1995-ci ilin 13-17 mart hadisələri idi. Həmin gün dövlət çevrilişinə cəhd göstərən silahlı dəstənin mühasirə halqasını daraltmaq məqsədi ilə atəş əmri verildi. Milli Ordu dərhal əməliyyata başladı. O, faciəli günlərdə Ramazanov Şamil Ağasəf oğlu da vətənə öz borcunu verməyə gəlmişdi. Güclü atışma zamanı gənc döyüşçü ağır yaralandı və aldığı bu yaradan qəhrəməncasına həlak oldu.
Subay idi.
Azərbaycan Resbublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Ramazanov Şamil Ağasəf oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Rəhimli kəndində dəfn olunub. Ağsu rayonunun mərkəzindəki kinoteatr onun adını daşıyır.

Mənbə: http://veten-ugrunda.az