Fazil Umud oğlu Mehdiyev

O, körpə olarkən ailəsi Ağdamın Abdal Gülablı kəndinə köçmüşdür. 1983-cü ildə məktəbi burada bitirmiş, 1984-1986-cı illərdə Sverdlovsk şəhərində hərbi xidmətdə olmuşdur. 1990-cı ildə Ağdam rayon Daxili İşlər Şöbəsində yaradılmış polis batalyonuna yazılan Fazilin səsi ən qaynar döyüş meydanlarından eşidilmişdir.

1991-ci ildə Qaradağlı kəndində ağır yaralanan Fazil azacıq sağalan kimi cəbhəyə qayıtmışdır. 1991-ci ilin avqust ayında erməni işğalçılarına məxsus “Niva” markalı avtomobili ələ keçirib polis idarəsinə təhvil vermiş, Xocalı, Ağdərə, Qaradağlı, Kərkicahan, Kosalar və Ağdərənin Canyataq, Mehmanə, Qazançı, Sırxavənd kəndlərində şəxsi igidlik və sücaət göstərmişdir.

1991-ci il sentyabrın 23-dən 24-ə keçən gecə ermənilər Abdal Gülablı kəndinə hücum edərkən Fazil dostu Salehlə birlikdə köməyə getmişdir. Ağdama gələn yolda pusqu quran ermənilər onları atəşə tutmuş və Fazil bu atışmada həlak olmuşdur.

Ağdamın “Qarağacı” qəbiristanlığında dəfn edilmişdir. Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Mehdiyev Fazil Umud oğluna (ölümündən sonra) “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Bakı şəhərində adına küçə var. Xətai prospektində adını daşıyan parkda büstü qoyulmuşdur.

Vüqar Əsgərov. “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr). Bakı: “Dərələyəz-M”, 2010, səh. 183.