Faiq Qəzənfər oğlu Rəfiyev

Rəfiyev Faiq Qəzənfər oğlu 22 fevral 1955-ci ildə Füzuli rayonunda anadan olub. 1972-ci ildə Qarakollu kənd məktəbini bitirib. 1973-75-ci illərdə Rusiyanın Arxangelsk vilayətində hərbi xidmətdə olub. 1990-cı il 20 yanvar hadisələrindən sonra Daxili İşlər Nazirliyinə müraciət edir. Təcrübəsi nəzərə alınaraq Xocavənd rayonuna sahə müvəkkili göndərilir. Faiqin həyatını ən narahat günləri beləcə başlamış oldu.
Dəfələrlə qanlı döyüşlərə girərək, vətənin hər qarış torpağı uğrunda qəhrəmancasına vuruşub.
Axullu, Tuğ, Qaradağlı kəndlərində əsl qəhrəmanlıq göstərib. Koçbəy kəndi də erməni quldurlarının yuvasına çevrilmişdi. Cəsur döyüşçü Rəfiyev Faiq Qəzənfər oğlu buranı faşistlərdən təmizləmək üçün plan hazırladı. Hücum nəticəsində ermənilər ağır itki verərək geri çəkildilər, evlərdə gizlənən quldurları axtarıb məhv edərkən qəfil atılan güllə Faiqin ürəyinə tuş gəldi. 10 yanvar 1992-ci il tarixində o, əbədiyyətə qovuşdu.
Vətənimizin bütövlüyü və dövlətimizin toxunulmazlığı uğrunda qəhrəmancasına vuruşmuş Rəfiyev Faiq Qəzənfər oğlu kimi bütün vətən övladlarının qarşısında baş əyirik. Vətən onları unutmuyacaq kimi onlar bizim qəlbimizdə həmişə hər an yaşayacaq.
Ailəli idi. İki övladı var.
Azərabaycan Resbublikası Prezidentinin 2 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Rəfiyev Faiq Qəzənfər oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Doğulduğu Sarıcıq kəndində dəfn edilib. Lökbətan qəsəbəsindəki 166 saylı tam orta məktəb qəhrəmanımız Rəfiyev Faiq Qəzənfər oğlunun adını daşıyır.