Elxan Qaçay oğlu Zülfüqarov

Zülfüqarov Elxan Qaçay oğlu 29- iyun 1954-cü ildə Füzuli rayonunun Hoğa (Üçbulaq) kəndində anadan olub. 1969-cu ildə Bünyad Sərdarov 1 saylı orta məktəbin səkkizinci sinifini bitirib, sonra orta təhsilini 1 saylı Yevlax şəhər orta məktəbində tamamlayıb. Elxan 1971-ci ildə Mingəçevir Poltexnik Texnikomuna daxil olur. 1972-ci ildə Füzuli rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə göndərilir. O, 1974-cü ildə xidmətini Ukrayna Resbublikasında başa vurduqdan sonra, texnikomda yarımçıq qalmış təhsilini tamamlayır və 1975-ci ildə Novosibirsk şəhər Milis Şöbəsinə təyinat alır. Burada Milis baş leytenantı rütbəsinə qədər yüksəlir.
Zülfüqarov Elxan Qaçay oğlu 1988-ci ildə məlum Dağlıq Qarabağ hadisələri ilə əlaqədar olaraq doğma yurdunun müdafiəsində iştirak etmək üçün bir çox həmvətənlərimiz kimi, ailəsi ilə birlikdə Vətənə qayıdır.
1992-ci ildə Milli Ordu sıralarına qoşulur. Bölmə komandiri kimi Laçın, Qubadlı, Zəngilan, Füzuli bölgələrində 40- dan çox əməliyyatlarda iştirak edir və özünü bacarıqlı hərbiçi kimi təsdiqləyir. Qısa müddətdə kapitan rütbəsinə yüksələn Zülfüqarov Elxan Qaçay oğlu, N saylı hərbi hissədə kəşfiyyat komandirinin köməkçisi vəzifəsinə təyin edilir. Erməni, rus dillərini mükəmməl bildiyinə görə dəfələrlə kəşfiyyata gedir, düşmənin mühüm strateji obyektlərinin aşkara çıxarılıb məhv edilməsində bilik və bacarığını əsirgəmir.
Zülfüqarov Elxan Qaçay oğlu 1994-cü il yanvarın 4-də yenidən kəşfiyyata yollanır. Onun əldən etdiyi mühüm məlumatlardan sonra rayonun 19 kəndi erməni yaraqlılarından təmizlənir, xeyli hərbi texnika və silah qənimət götürülür.
Elə həmin gecə -5 yanvar 1994-cü il tarixində Şükürbəyli kəndi uğrunda gedən qeyri-bərabər döyüşdə Zülfüqarov Elxan Qaçay oğlu Vətən uğrunda qəhrəmancasına həlak oldu.
Ailəlidir. Dörd övladı var.
Azərbaycan Resbublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə Zülfüqarov Elxan Qaçay oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Bakıdakı şəhidlər Xiyabanında dəfn olunub.