Faiq İsfəndiyar oğlu Əmirov

Əmirov Faiq İsfəndiyar oğlu 22 iyun 1975-ci ildə Zaqatala rayonunun Bəhmədli kəndində doğulub. 1992-ci ildə doğma kəndlərində orta məktəbi bitirib. Bir müddət təsərrüfat işləri ilə məşğul olmuşdur. 2 iyul 1993-cü ildə Zaqatala rayon Hərbi Komissarlığı tərəfindən ordu sıralarına çağırılıb. O, 776 saylı xüsusi təyinatlı hərbi hissədə xidmət edirdi. Ağır təlimməşqlər… Sonra cəbhə… O, Füzulu, Tərtər, Ağdərə uğrunda gedən qanlı döyüşlərdə iştirak edir. Qızğın döyüşlərin birində ayağından yaralanır. O, hospitalda müalicə olunub, yenidən döyüş bölgəsinə qayıdır. Cəbhədə atəşkəs elan edildikdən sonra onların batalyonu öz əvvəlki yerinə qaytarılır.
17 mart 1995-ci il… Onun xidmət etdiyi batalyon da dövlət çevrilişinə cəhdin qarşısının alınmasında iştirak edir. Bütün döyüş yoldaşları kimi o da arzu edir ki, qarşıdurma qansız-qadasız ötüşsün. Çox təəssüf ki, bu mümkün olmadı. Nahaq qurbanlar verildi. Həmin qurbanlardan biri də, qəlbi Vətən üçün, xalq üçün qurub-yaratmaq eşqi ilə döyünən Faiq oldu.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Əmirov Faiq İsfəndiyar oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Bəhmədli kənd qəbirstanlığında dəfn edilib.
Zaqatala şəhərindəki geniş və abad küçələrdən biri indi onun adını daşıyır.