Eldar İsfəndiyar oğlu Həsənov
Eldar İsfəndiyar oğlu Həsənov 1965-ci ilin dekabr ayının 26-da Cəlilabad rayonunun Lallar kəndində anadan olmuşdur. 1983-cü ildə Xanəgah kənd orta məktəbini bitirmişdir.
1984-cü ildə E.Həsənov Cəlilabad rayon Hərbi Komissarlığı tərəfindən ordu sıralarına çağırılmışdı. 1986-cı ildə hərbi xidmətini başa vurub doğma kəndinə qayıtmışdı. Sürücü işləyirdi.
1988-ci ildə başlayaraq Azərbaycanda erməni faşizminin törətdiyi cinayətlər günbəgün artırdı. 1990-cı ildə E.Həsənov Xüsusi Təyinatlı Polis Dəstəsinə üzv yazılır. O, Azərbaycanın hər qarış torpağı uğrunda fədakarlıqla vuruşurdu. Onun cəbhədə göstərdiyi hünər düşməni lərzəyə salmışdı. Laçın döyüşlərində o, öz məharəti ilə dəstəni mühasirədən itkisiz çıxarmışdı. E.Həsənov qurduğu planı qabaqcadan kimsəyə deməyi xoşlamırdı. Bəzən kəşfiyyata tək gedir, iki-üç əsirlə geri dönürdü. E.Həsənovun ən böyük arzusu Azərbaycan torpaqlarını azad görmək idi. Qətiyyən qorxu nə olduğunu bilmirdi. Düşmənə sarsıdıcı zərbələr vuran E.Həsənovun başına ermənilər 50 min ABŞ. dolları məbləğində mükafat qoymuşdular.
1992-ci ildə E.Həsənov Polis Akademiyasına daxil olmuşdu.
1994-cü ilin yanvar ayında E.Həsənovun ikinci cəbhə həyatı başlayır. Füzuli bölgəsində ermənilərə qan udduran polis starşinası düşmənin xeyli canlı qüvvəsini, texnikasını məhv etmişdi. Göstərdiyi qəhrəmanlıq dildən-dilə gəzirdi. Ermənilər onu daim izləyir, məqam düşəndə öldürməyə cəhd edirdilər.
1994-cü ilin may ayının 12-də Horadiz qəsəbəsi uğrunda ağır döyüşlər gedirdi. Eldar özünə xas olan mərdlik və şücaətlə yenə də ön cərgədə vuruşurdu. Qəfil partlayan erməni mərmisi cəsur döyüşçü – polis starşinası E.Həsənovun qəlbini əbədi olaraq susdurdu.
Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı Fərmanı ilə Həsənov Eldar İsfəndiyar oğluna (ölümündən sonra) “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Subay idi.
E.Həsənov Cəlilabad rayonunun Lallar kəndində dəfn edilmişdir.
Cəlilabad rayon Lallar kəndində Qəhrəmanın büstü qoyulmuşdur.