Eldar Harun oğlu Məmmədov

10 yanvar 1968-ci ildə Bakı şəhərində dünyaya göz açmışdır. 1974-cü ildə Bakıda 189 saylı orta məktəbin birinci sinfinə getmiş, 1982-ci ildə həmin məktəbin səkkizinci sinfini bitirmişdir. O, uşaqlıqdan hərbçi olmaq arzusu ilə yaşayırdı. Bu arzu ilə də o, 1982-85-ci illərdə C.Naxçıvanski adına Hərbi Məktəbdə oxumuşdur. Sonra hərbi biliyini artırmaq üçün 1985-1989-cu illərdə Riqadakı Qırmızıbayraqlı Ali Hərbi-Siyasi Məktəbdə təhsil almışdır. Ali məktəbi bitirdikdən sonra SSRİ Silahlı Qüvvələrində qulluq etmişdir.

Gənc leytenant E.Məmmədov, erməni işğalçıları Azərbaycana hücuma başlayanda, raport yazaraq Vətənə qayıdır. O, yenicə yaradılan Sərhəd Qoşunlarında xidmətə başlayır. Özünü bacarıqlı və peşəkar zabit kimi göstərdiyinə görə ona baş leytenant rütbəsi verilir. O, 1993-cü ildə Sərhəd Qoşunları İdarəsinin könüllülərdən ibarət batalyonu tərkibində Ağdərə istiqamətində gedən döyüşlərin iştirakçısı olur. Ağdərədə mərdliklə vuruşan E.Məmmədov Mehmanə kəndinin müdafiəsi zamanı düşmənə ağır zərbələr vurmuşdur. 1993-cü il fevral ayının 24-də Kasapet kəndi yaxınlığındakı yüksəkliyin müdafiəsində də cəsur döyüşçü düşmənə ağır zərbələr endirmişdir. Həmin gün azğınlaşmış erməni quldurları bu yüksəkliyi ələ keçirmək üçün güclü hücuma keçdilər. Eldar yüksək döyüş bacarığı göstərərək, düşmən hücumlarının qarşısını ala bildi. Ancaq çox keçmədi ki, düşmən qüvvə toplayaraq yüksəkliyi almaq üçün yenidən hücuma keçdi. Baş leytenant vəziyyəti düzgün qiymətləndirərək, düşmənin istiqamətini özünə cəlb etdi. Ağır yaralı olmasına baxmayaraq, erməni quldurlarının əsas qüvvələrimizin arxasına keçməsinə imkan vermədi. Bu qeyri-bərabər döyüşdə Eldar Məmmədov əsl igidlik nümunəsi göstərərək, düşmənin xeyli canlı qüvvəsini məhv etdi. Bu onun son döyüşü idi. O, son damla qanına qədər vuruşaraq, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canından keçdi.

Subay idi.

Azərbaycan Respublikası prezidentinin 11 dekabr 1994-cü il tarixli 247 saylı fərmanı ilə baş leytenant Məmmədov Eldar Harun oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.