Faiq Əliqulu oğlu Cəfərov

 may 1974-cü ildə Cəlilabad rayonunun Şiləvəngə kəndində doğulmuşdur. 1982-ci ildə Şiləvəngə kənd orta məktəbinin birinci sinfinə getmiş, 1991-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. Elə həmin ildə də Bakı Maşınqayırma Texnikumuna daxil olmuşdur. 1992-ci il oktyabrın 18-də Vətənə sədaqət andı içərək Milli Ordu sıralarında hərbi xidmətə başlamışdır. Naxçıvan sərhəd dəstəsinin ilk sərhədçilərindən biri də Faiq Cəfərov olmuşdur.

Şərur rayonundakı 3-cü zastavada 3 il Vətənə xidmət… Bu illər ərzində erməni qəsbkarlarının Naxçıvan Muxtar Respublikası üzərinə hücumlarının dəf edilməsində Faiq də mərdlik göstərir.

1995-ci il 13-17 mart hadisələri… O günlərin həyəcanı heç vaxt yaddan çıxmaz. Bir qrup silahlı dəstə düşmən dəyirmanına su tökərək qurbanlar bahasına qazanılmış müstəqilliyimizə, suverenliyimizə zərbə vurmaq istəyirdi. Həyəcan siqnalı ilə ayağa qaldırılan bir neçə hərbi hissənin əsgərləri qanunsuz silahlı dəstələrin tərksilah edilməsi üçün təhlükəli zonaya göndərildi. Həmin gün Naxçıvan sərhəd dəstəsinin könüllülərdən ibarət bölməsi də paytaxta göndərilmişdi. Dövlət çevrilişinə cəhd etmək istəyən qüvvələrin zərərsizləşdirilməsində iştirak edənlər sırasında Faiq də var idi. Martın 16-dan 17-nə keçən gecə Faiq Cəfərov yaralanaraq Sabunçu rayonundakı 3 saylı xəstəxanaya çatdırılır. O, həkimlərin səyi nəticəsində yenidən həyata qaytarılır. 1995-ci il iyunun 22-də sərhəd qoşunlarından ehtiyata buraxılır.

Azərbaycan Respublikası prezidentinin 27 dekabr 1995-ci il tarixli 427 saylı fərmanı ilə Cəfərov Faiq Əliqulu oğluna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Həyatını xalqının, dövlətinin təhlükəsizliyinə həsr edən gənc qəhrəman bir ildən sonra yenidən sərhəd qoşunlarına qayıdır. O, Bakı Əlahiddə Nəzarət Buraxılış Məntəqəsində xidmət edir. 1997-ci ildən Azərbaycan Beynəlxalq Universitetinin hüquq fakültəsində təhsil almağa başlayır.
O, böyük arzularla yaşayırdı. Lakin 19 avqust 1999-cu ildə avtomobil qəzası nəticəsində onun arzularla dolu ürəyi vaxtsız dayandı.
Evli idi. İki övladı vardı.

Cəlilabad rayonunun Şiləvəngə kəndində dəfn edilmişdir.