Ənvər Səyyad oğlu Fərəcov

Ənvər Səyyad oğlu Fərəcov 1952-ci ilin iyun ayının 28-də Goranboy rayonunun Sarov kəndində doğulmuşdur. 1968- ci ildə Sarov kənd orta məktəbini bitirmişdir.

1969-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olmuşdur. 1974-cü ildə mexanizasiya fakültəsini bitirib Goranboy rayonunun “Azərbaycan” kolxozunda baş mühəndis vəzifəsində əmək fəaliyyətinə başlayır.

1981-ci ildən Ə.Fərəcov həyatını Daxili İşlər orqanlarına bağlayır.

Ə.Fərəcov Türkmənistanın Bezmin şəhərində xüsusi komendaturanm müəssisədənkənar mühafizə şöbəsində növbətçi kimi əmək fəaliyyətinə başlayır. Sonra sahə müvəkkili vəzifəsində çalışır.

1990-cı ildə Özbəkistan Milis Akademiyasını bitirərək Azərbaycan DİN-nin sərəncamına göndərilir. Gəncə şəhər Daxili İşlər Şöbəsində rəis köməkçisi işləyir. 1991-ci ildə doğma rayonuna qayıdır və Todan Polis Şöbəsində pasport-masa rəisi vəzifəsində çalışır. Az keçmir ki, onu Todan Polis bölməsinin rəisi təyin edirlər. Elə bu vaxtdan onun həyatının ən narahat və həyəcanlı günləri başlayır. Onun bir ayağı cəbhədə idi. Bir döyüşdən çıxıb o birinə gedirdi.

1991-ci ilin avqust ayının 18-də Ə.Fərəcov yoldaşlarını mühasirədən çıxartmaq üçün öz dəstəsi ilə qeyri-bərabər döyüşə girir. Ermənilərin mühasirəsini yararaq polis əməkdaşlarını itkisiz azad edirlər. Bu əməliyyata görə bölmə rəisi DİN tərəfindən mükafatlandırılır. O, Goranboya gəldiyi gündən erməni yaraqlılarına qarşı döyüşlərdə öz qüvvə və bacarığını əsirgəmir, Vətən torpağının hər qırışı üçün öz canından keçməyə hazır olduğunu dəfələrlə sübut edir.

1991-ci ilin sentyabr ayının 11-də yağı düşmən böyük qüvvə ilə Erkəc, Mənəşli, Buzluq kəndlərnə hücuma keçmişdi. Polis dəstəsi sayca az olsa da, kəndlərin müdafiəsində sayıqlığı əldən vermirdi. Qeyri-bərabər döyüşdə erməni yaraqlıları xeyli tələfat verdilər. Heyflər olsun ki, bu, Ə.Fərəcovun son döyüşü idi. O, bu vuruşda qəhrəmancasına şəhid oldu.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə Fərəcov Ənvər Səyyad oğluna (ölümündən sonra) “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Ailəli idi. Bir oğlu, bir qızı yadigar qalıb.

Ə.Fərəcov Goranboy rayonunda dəfn edilmişdir.

Goranboy rayonunda Qəhrəmanın büstü qoyulmuşdur.