Sərdar Mədət oğlu Səfərov

Səfərov Sərdar Mədət oğlu 12 avqust 1960-cı ildə Kəlbəcər rayonunda doğulub. 1977-ci ildə orta məktəbi bitirib və kolxozda işləyib. 1979-cu ildə hərbi xidmətə gedib. Hərbi xidməti Ermənistan və Gürcüstan resbublikalarında keçirib. O, 1981-ci ildə ordudan tərxis olunur. 1982-ci ildə Bakı Avtomobil Zavoduna işə düzəlir. Bir müddət burada çalışır. Daxili işlər orqanlarında işləmək arzusu onu Tula vilayətinə aparır. O, Zaoks rayonunda 3 il Daxili İşlər Şöbəsinin mühafizə bölməsində polis kimi xidmət edir.
Təhsilini davam etdirmək üçün xidmət etdiyi şöbədən keçmiş SSRİ DİN-nin Kaunas Xüsusi Polis Məktəbinə göndərilir. 1987-ci ildə təhsilini başa vurub, köhnə iş yerinə qayıdır. Nümunəvi polis işçisi olduğunu nəzərə alınaraq, sahə müvəkkili vəzifəsinə təyin edilir. Gecə-gündüz qəlbi Vətənlə idi. Elə buna görə də Azərbaycana qayıdır. 1991-ci ildən Qusar rayon Daxili İşlər Şöbəsində sahə müvəkkili kimi xidmətə başlayır.
1991-ci il sentyabrın 25-də erməni terrorçuları Əsgəran rayonunun ərazisində “QAZ-53” markalı sərnişin avtobusuna hücum edirlər. Köməyə gələn istintaq qrupunun tərkibində baş leytenant S.Səfərov da var idi. Onun istintaq qrupununda müstəntiq işləməsi barədə təzəcə sərəncam verilmişdi.
Hadisə yerindən qayıdan istintaq qrupunun üzvləri Xankəndi yaxınlığındakı “Ağa körpüsü”ndə erməni yaraqlılarının təcavüzünə məruz qalırlar.
Səfərov Sərdar Mədət oğlu yoldaşlarını xilas edərkən qəhrəmancasına həlak oldu.
Ailəlidir. Ölümündən 3 ay sonra bir qızı dünyaya gəlib.
Azərbaycan Resbublikasının Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə mayor Səfərov Sərdar Mədət oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilmişdir.
Kəlbəcər rayonunda dəfn edilmişdir.
Adına Kəlbəcər şəhərində küçə var.
Hazırda adına olan küçə rayonla birlikdə erməni tapdağı altındadır.