Eldar Abdulla oğlu Tağızadə
1963-cü il sentyabrın 6-da Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1970-1980-ci illərdə paytaxtın Nəsimi rayonundakı 164 nömrəli məktəbdə orta təhsilini başa çatdırıb. Sonra Bakı Dövlət Universitetinə daxil olub. 1985-ci ildə universitetin biologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. Eldar Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunda çalışarkən Səbail rayon DİŞ-in cinayət axtarışı bölməsi ilə əməkdaşlıq edib. 1988-ci ildə DİŞ-ə işə qəbul edilib və 1989-cu ildə Sverdlovsk şəhərində cinayət-axtarış üzrə ali ixtisasartırma kursu keçib. DİN-nin millətlərarası münasibətlər şöbəsində daha məsul vəzifəyə irəli çəkilib və ona 1991-ci ildə kapitan rütbəsi verilib. Daha sonra DİN-nin Terrorizm və Banditizmə Qarşı Mübarizə İdarəsi rəisinin müavini vəzifəsinə təyin edilib.
E.Tağızadə 1992-ci il iyunun 3-də Qarabağa ezam olunub və cinayətkarları zərərsizləşdirərkən həlak olub.
Ailəli idi. İki övladı var.
Azərbaycan Respublikası Prezidentinin 3 sentyabr 1992-ci il tarixli 162 nömrəli Fərmanı ilə Tağızadə Eldar Abdulla oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Bakı şəhərində Şəhidlər xiyabanında dəfn olunub. Təhsil aldığı 164 nömrəli orta məktəb onun adını daşıyır. Bakı şəhərindəki küçələrdən birinə adı verilib.