Mübariz Əlizadə oğlu Əhmədov
Azərbaycanın Milli Qəhrəmanı Əhmədov Mübariz Əlizadə oğlu 1 yanvar 1963-cü ildə Sabirabad rayonunun Qaratəpə kəndində dünyaya göz açıb. 1969-cu ildə burada beynəlmiləl orta məktəbə getmişdir. 1977-ci ildə səkkizinci sinifi bitirərək, Sankt-Peterburq Kino Texnikumuna daxil olur. Lakin buradakı iqlim şəraitinə uyğunlaşa bilmədiyindən doğma kəndinə qayıdır və təhsilini davam etdirir. 1980-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutuna (Slavyan Universiteti) imtahan verir. O, üçünçü kursda oxuyarkən ordu sıralarına çağırılır. 1985-ci ildə ordudan tərxis olunduqdan sonra yenidən təhsilini davam etdirir. O, 1988-ci ildən başlayaraq respublikamızda gedən ictimai-siyasi hadisələrə biganə qalmır, meydan hərəkatının fəal iştrakçısı olur.
1989-cu il… Erməni silahlı birləşmələri Azərbaycana qarşı elan olunmamış müharibəyə başlayır. Mübariz özünümüdafiə batalyonunda könüllü yazılır və Qarabağın müdafiəsinə qoşulur. O, Ağdam rayonundakı hərbi hissənin bölük komandiri kimi ilk döyüşə atılır. Sonra Dovşanlı, Xramort, Naxçıvanik, Abdal-Gülablı, Kətik, Dəhraz, Xanabad və Şuşa uğrunda gedən döyüşlər…
O, mərdliklə vuruşurdu, öz rəşadətilə ad-san qazanmışdı. 1991-ci ildə Müdafiə Nazirliyi ona Türkiyə Respublikasında hərbi təhsil almağı tövsiyə edir. Lakin Mübariz döyüşlərdə iştirak etməyi daha üstün tutur. Ağdam rayonunun Abdal-Gülablı kəndi…1992-ci ilin 24 sentyabr… Son döyüş…
Həmin gün kənd erməni işqalçılarından azad edilməli idi. Düşmən gecə yarıdan başlayaraq kəndi ağır silahlarla atəşə tutur. Döyüşçülərimiz qələbə əzmi ilə əks-hücuma keçirlər. Qəflətən yaxınlıqda mərmi partlayır. Mübariz ağır yaralanır. Onu döyüş ərazisindən uzaqlaşdırırlar. Lakin artıq gec idi.
Subay idi.
Azərbaycan Reüspublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə Əhmədov Mübariz Əlizadə oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı veriımişdir.
Sabirabad rayonunun Qaratəpə kəndində Şəhidlər Xiyabanında dəfn edilmişdir. Sabirabad rayonunda büstü qoyulmuşdur.